“Müstəqillik dövründə ailə siyasətinin formalaşması – ənənələr, perspektivlər” adlı elmi-praktiki konfrans keçirildi

12 мая 2016

Поделиться:

Mayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Müstəqillik dövründə ailə siyasətinin formalaşması -  ənənələr, perspektivlər” adlı elmi-praktiki konfrans keçirilib.

 

 

“MÜSTƏQİLLİK DÖVRÜNDƏ  AİLƏ SİYASƏTİNİN FORMALAŞMASI – ƏNƏNƏLƏR,  PERSPEKTİVLƏR” ELMİ-PRAKTİK KONFRANS MATERİALLARI-pdf

Konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslə vətən, millətə sevgi hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə dəstək verilməsidir. Akademiyada baş tutan konfransda aidiyyatı dövlət qurumları və ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar iştirak edib.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov konfransı giriş sözü ilə açaraq əvvəlcə tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, ölkəmiz iqtisadi-siyasi inkişaf səviyyəsinə görə, lider ölkələr sırasına daxil olub: “Bütün bu inkişaf təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində əldə edilib. Bu gün beynəlxalq təşkilatların statistikasında Azərbaycan ön sıralardadır. 25 il ərzində ölkəmiz çox geniş inkişaf yolu keçib. Ölkəmizdə həyata keçirilən dövlət proqramları sayəsində böyük işlər görülüb. Azərbaycanın dünya ölkələri arasında tanınmasında Heydər Əliyev Fondunun əvəzsiz rolu var”.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək hər kəsə tədbirdə iştirakına görə təşəkkürünü bildirib. Komitə sədri cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini vurğulayaraq bildirib ki, ölkəmiz təkcə azərbaycanlıların deyil, burada yaşayan digər millətlərin vətənidir. Burada hər bir ailənin dəyərlərinə hörmətlə yanaşılır, qorunur.

Hicran Hüseynova ailələrimizin, milli-mənəvi dəyərlərimizin  ən böyük sərvətimiz olduğunu nəzərə çatdıraraq qeyd edib ki, son statistik hesablamalara görə hazırda ölkəmizdə  iki milyon altmış iki min otuz  ailə var. O eyni zamanda bildirib ki, sosial-mənəvi mühitin saflığının və əxlaqi dəyərlərin qorunması, gələcək nəslə ötürülməsi müasir dövrün qlobal problemlərindən biridir: “Əfsuslar olsun ki, müasir dünyada sosial kataklizmlər fonunda ailə institutunda da müəyyən dəyişikliklər müşahidə olunur. Ona görə də biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik”.

Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan ailələri möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçilib, lakin buna baxmayaraq, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb.

Ailə siyasətinin həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu qeyd edən Komitə sədri Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdırıb. O, həmçinin bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.

Dövlət ailə siyasəti, ailə adət-ənənələrimiz, dəyərlərimiz, Beynəlxalq Ailə Günü, “Azərbaycan ailəsi” film festivalı və digər mövzular haqqında ətraflı məlumat verən Komitə sədri Hicran Hüseynova sonda qarşıdan gələn “Beynəlxalq Ailə günü” münasibətilə bütün ailələrimizi təbrik edərək “Azərbaycan ailəsi” adlı kitabı tədbir iştirakçılarına təqdim edib.

Daha sonra söz çıxış etmək üçün Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovaya verilib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan dövləti tərəfindən-həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur: “Ailə dəyərlərinin qorunmasına bu qanunlar öz köməkliyini göstərir. Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin birgə səyləri nəticəsində bu sahədəki problemləri aradan qaldıra bilərik. Eyni zamanda, biz çalışmalıyıq ki, Azərbaycanın uğurlarının qazanılmasında Azərbaycan ailələrinin yaxından iştirakını təmin edək”.

Ombudsman Elmira Süleymanova ailənin hüquqi statsusu ətrafında çıxış edərək bildirib ki, Azərbaycanda ailə institutu addım-addım təkmilləşməkdədir: “Ölkəmizdə ailə bağlı məsələlər qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında ailəyə ayrılan xüsusi maddələr var.  Unutmamalıyıq ki, adət-ənənələr qanundan üstün ola bilməz”. O, eyni zamanda qeyd edib ki, hər bir dövlət həm öz adət-ənənələrini, dəyərlərini inkişaf etdirmək, həm də dünyaya inteqrasiya etmək istəyir. Bu mənada heç bir prosesdən kənarda qalmaq mümkün deyil, Azərbaycan dövləti hər zaman beynəlxalq təcrübədən faydalanmışdır.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, ailə hər bir insanın, cəmiyyətin və ölkənin həyatında mühüm əhəmiyyət daşıyır: “Məhz ailə hər bir insan üçün sevgi, dayaq mənbəyidir. Sağlam, möhkəm  ailə-hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. İnsanın maraqlarının əhəmiyyətli hissəsi məh zailədə öz həllini tapır”.

Daha sonra Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva ailə dəyərlərinin təbliğində və qorunmasında KİV-in əsas rol oynadığını qeyd edərək bildirib: “Yad təsirlərdən qorunmağın ən yaxşı üsulu isə KİV-in məsələyə xüsusi diqqət və həssaslıqla yanaşması, cəmiyyətin düzgün maarifləndirilməsi, dəyərlərimizin lazımi dərəcədə təbliğ edilməsidir”. Sona Vəliyeva eyni zamanda bildirib ki, Azərbaycan ailə institutunun inkişafı üçün lazımi işlər görülməlidir: “Biz müasirliklə ənənələri birləşdirib bir fikrə gəlməliyik. Bu gün ailələrdə baş verən konfliktlərin səbəblərinin araşdırılması bu məsələyə aidiyyəti olmayan şəxslərlə müzakirə olunur. Azərbaycan ailə  institutu islami inanclar, Azərbaycançılıq ideologiyası və demokratik prinsiplər əsasında qorunmalıdır”.

Çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Ailə münasibətlərinin qorunmasında məhkəmə konstitusiya nəzarətinin rolu” mövzusunda çıxış edərək bildirib ki, biz bu konfransda məhz qloballaşan dünyada ailə dəyərlərimizin qorunması ətrafında görüləcək işləri müzakirə etmək üçün yığışmışıq. Ailənin nizamlayıcı və idarəçilik faktoru vahidi olduğunu qeyd edən Ceyhun Qaracayev qeyd edib ki, məhz ailə münasibətlərinin ahəngliyi ictimai siyasi vəziyyətin, adət və ənənələrin qorunmasının, iqtisadi sabitliyin göstəricisi kimi çıxış edir”.

Daha sonra BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident nümayəndəsinin müavini Natalia Alhazişvili “Müasir dünyada ailə institutuna olan təsirlər”, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli “Ailələrin sosial maraqlarına toxunan məsələlərin həlli”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Cəmiyyətdə qarşılıqlı hörmət və tolerantlıq mühitinin yaradılması, qorunması yolları”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Assosiasiyasının prezidenti Fuad Məmmədov “Azərbaycanda ailə mədəniyyəti və müasirlik” mövzuları ətarfında çıxışlar ediblər.

VİDEO: http://www.myvideo.az/tv/aztv&seekTime=12-05-2016%2018:23