15 may “Beynəlxalq Ailə günü” çərçivəsində Sabirabad rayonunda tədbir keçirildi
Поделиться:
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Bu əlamətdar günlə bağlı Respublikamızda bir çox layihələr, tədbirlər həyata keçirilir. Hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə günü” ilə bağlı Respublikamızın bütün bölgələrini əhatə edən tədbirlər planı hazırlanıb. Tədbirlər planı çərçivəsində 13 may 2016-cı il tarixində Sağlam Ailə Tibb Mərkəzi ilə birgə Sabirabad rayonu, Rüstəmli kəndi, Yeni Zəngilan qəsəbəsində məskunlaşmış Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələr (161 ailə) üçün maarifləndirmə tədbiri keçirilib.
Mədəniyyət və Turizm İdarəsinin klubunda keçirilən tədbiri giriş sözü ilə açan Zəngilan RİH-i başçısının müavini Nizami Mönsümov bütün qəsəbə sakinlərini və qonaqları salamlayaraq, bu cür tədbirlərin xüsusən əhalinin həssas təbəqəsi, qaçqın və məcburi köçkün ailələri arasında keçirilməsinin önəmini vurğulayıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışı zamanı ölkə rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkün ailələrinə hər zaman xüsusi diqqətin olduğunu, dövlət qurumlarının bu istiqamətdə hər zaman uğurlu layihələr həyata keçirdiyini bir daha vurğulayıb. “Beynəlxalq Ailə günü” ərəfəsində həyata keçirilən tədbirin sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar barəsində maarifləndirilməsi məqsədi daşıdığını qeyd edən Aynur Sofiyeva bütün tədbir iştirakçılarına, xüsusilə Sağlam Ailə Tibb Mərkəzinə birgə əməkdaşlığa görə minnətdarlığını bildirib.
Sağlam Ailə Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tədbirin əhəmiyyətindən söz açaraq, Mərkəzin həssas təbəqədən olan ailələr arasında daima layihələr həyata keçirdiyini, əhalinin hər zaman sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini qeyd edib. Çıxışlardan sonra qəsəbə sakinlərinin sualları dinlənilib və cavablandırılıb. Komitə tərəfindən hazırlanmış çap materialları maarifləndirmə tədbirlərində istifadə məqsədilə Zəngilan RİH-nin kitabxanasına təqdim edilib.
Tədbirin ikinci hissəsində qəsəbədə məskunlaşmış qadın və uşaqların Sağlam Ailə Tibb Mərkəzinin mütəxəssisləri – terapevt, endokrinoloq, kardioloq, pediatr, dermatoloq, lor, ginekoloq tərəfindən səyyar müayinəsi keçirilib. Tədbirdə ümumilikdə 332 müayinə qeydə alınıb. Sonda qəsəbə sakinlərinə Tibb Mərkəzi tərəfindən Bakı şəhərində (1 dəfə olmaqla) ümumi analizlərin verilməsi üçün kupon təqdim edilib.