Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şanlı Zəfər Yolumuz” mözusunda “Ən yaxşı yazı” müsabiqəsinə start verilir

31 марта 2021

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən hər il aprel-may aylarında Ümummili Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” və “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı yazı müsabiqəsi həyata keçirmişdir.

2019-cu ildə müsabiqə Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin (Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları) 9-11-ci sinif şagirdləri arasında keçirilmişdir. Müsabiqənin yekunlarına həsr olunmuş tədbir Xaçmaz rayonunda təşkil olunmuşdur.

2020-ci ildə bütün dünyada yayılan koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq müsabiqənin mövzusunda və strukturunda dəyişiklik edilmişdir. Pandemiya ilə mübarizə tədbirlərində həkimlərin, tibb işçilərinin, polis və fövqəladə hallar orqanları işçilərinin əhalinin təhlükəsizliyinin və ictimai asayişin qorunmasındakı rolunu nəzərə alaraq müsabiqə “Görünməyən qəhrəmanlar” mövzusunda keçirilmişdir.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə  qələbə ili kimi qeyd edildi. Xalqımızın savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst etdi. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Artıq 8 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür.

Bu məqsədlə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 01-30 aprel 2021-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında “Şanlı Zəfər Yolumuz” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını musabiqekomite@gmail.com email ünvanına göndərməlidirlər.

Təqdim olunan məqalələr 3 səhifədən çox olmayaraq Arial 12 şriftində olmalıdır. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

Təqdim olunan məqalələr Münsiflər Heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcəkdir. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılacaqdır.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirin keçirilmə vaxtı  pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin qaydalarından asılı olaraq müsabiqə iştirakçılarına və ictimaiyyətə açıqlanacaqdır.