“Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirildi
Поделиться:
Mayın 18-i Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Daxili İşlər Nazirliyinin akt zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirib.
Tədbir DİN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman), eyni zamanda Bakı şəhər rayonlarının, Abşeron rayonunun və Sumqayıt şəhərinin monitorinq qruplarının sədrləri və hüquq mühafizə orqanlarının rəhbər vəzifəli şəxslərinin iştirakları ilə baş tutub.
Konfransda məişət zorakılığı ilə bağlı ölkəmizdəki vəziyyət, məişət zorakılığına dair qanunvericilik bazasının tətbiqi ilə bağlı boşluqlar, qurumlararası əlaqələndirmənin həyata keçirilməsi (aidiyyəti qurumlar arasında birgə tədbirlər planının imzalanması) kimi məsələlər, birgə Tədbirlər Planının (2016-2018-ci illər üzrə) layihəsi müzakirə edilib.
Daxili işlər nazirinin müavini Oruc Zalov əvvəlcə iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Nazir müavini çıxış edərək bildirib ki, son 5 ildə Azərbaycanda məişət zorakılığı zəminində törədilmiş cinayətlərin dinamikasında ciddi şəkildə azalma müşahidə olunub. Nazir müavini diqqətə çatdırıb ki, əgər 2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib. “Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı 255-dir. Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək qadınlara qarşı zorakılığın qarşısının alınmasının müasir dövrün mühüm məsələlərindən olduğunu qeyd edib: “Zorakılıq, insan hüquqları və əsas azadlıqlarındаn istifadə edilməsinə, bərabərlik və inkişaf prosesinə ciddi mane yaradır. Onun əsas səbəbləri, xüsusilə, hərbi münaqişələrin və konfliktlərin artdığı bir zamanda, qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplər və sair amillərdir”.
Komitə sədri bildirib ki, xüsusilə, hərbi münaqişələrdə, ilk zorakılığa məruz qalan qadın və uşaqlar olurlar. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir: “Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların, reabilitasiya olunaraq, yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir. Əfsuslar olsun ki, atəşkəsin elan olunmasına baxmayaraq, təmas xəttində hələ də dinc əhali zorakılığa məruz qalır. Bu baxımdan dövlət qurumlarının operativ olaraq həmin insanlara yardım göstərməsi, onların reabilitasiyası bütün imkanların yaradılması vacibdir”.
Hicran Hüseynova zorakılıqla bağlı həyata keçirilən mühüm layihələri tədbirləri vurğulayaraq qeyd edib ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlirik. “Bütün rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı yerlərdə monitorinq qrupları yaradılmışdır. Monitorinq zamanı bir daha aydın oldu ki, zorakılığa məruz qalan, eyni zamanda, zorakılıq törətmiş şəxslərin qeydiyyata götürülməsi və onlarla profilaktik işin aparılması, zərər çəkmiş şəxslərə yardımların göstərilməsi istiqamətində dövlət orqanları daha sıx əlaqəli işləməlidirlər. Ona görə də, monitorinq qruplarının real fəaliyyət göstərməsi və obyektiv qiymətləndirmə aparmasının böyük rolu var”. Komitə sədri onu da bildirib ki, güclü qanunvericilik bazasının mövcud olmasına baxmayaraq, əhali arasında maarifləndirmənin genişləndirilməsi mütləqdir. Əsasən də, regionlarda. Erkən nikahların azalması üçün biz qarşılıqlı surətdə ciddi işləməyik. Buna görə də, icra hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil müəssisələri, bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə birgə bu prosesi daha da gücləndirməliyik. Burada bir əsas məsələni, adi vətəndaşların, xüsusilə KİV nümayəndələrinin hadisəyə münasibətini vurğulamaq istərdim. Hicran Hüseynova eyni zamanda qeyd edib ki, bu problemin qarşısının alınması üçün isə güclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir, yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür.
Daha sonra çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, məişət zorakılığı ilə bağlı rəqəmlər üst-üstə düşmür. “Ölkədə qadınlara qarşı baş vermiş cinayətlərin statistikasının təkmilləşdirilməsinə ehtiyac var. Biz hesabatları Milli Məclisdə dinləyirik. Lakin bəzi hesabatlardakı rəqəmlər fərqli olur. Eyni zamanda, qeyd etmək istərdim ki, polis şöbələrində kişilərlə birgə ailədaxili məsələlərlə məşğul olan qadınlar da çalışmalıdır. Zorakılığa məruz qalmış qadın gedib kişi polisə dərdini deyə bilmir”.
“Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb ki, onlardan 28 faizi məişət zorakılığına məruz qalıb” deyə bildirən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev qeyd edib ki, ötən il 64 insan alveri qurbanı müəyyən edilib.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 2010-cu ildən etibarən zorakılığa məruz qalan qadınlar haqqında az sayda mühafizə orderi tətbiq edilib. Qeyd edib ki, BMT-nin statistikasına əsasən, Azərbaycanda qadınların 8 faizi zorakılığa məruz qalır. Ölkədə qadınlara qarşı cinayətlərin təqribən yarısını məişət zorakılığı zəminində baş verən hadisələr təşkil edir. Diqqətə çatdırıb ki, 2006-2015-ci illərdə Komitəyə qadınlara qarşı məişət zorakılıq halları ilə bağlı 1593 şikayət daxil olub. Şikayətlər əsasən, təhlükəsizliyin təmin olunması, zorakılığın təkrarlanması, zorakılıq faktı üzrə aparılan işin gedişindən narazılıqla bağlıdır. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. “2013-cü ildə 9500 ev təsərrüfatı arasında keçirilən sorğu nəticəsində məlum oldu ki, respondentlərin 8 faizi zorakılığa məruz qalır. Azərbaycanda məişət zorakılığı barədə dəqiq statistika vermək olmur. Bu hallar çox zaman gizli qalır. Çünki qadınlar çox zaman zorakılıqla bağlı aiddiyyatı qurumlara müraciət etmir. BMT-nin hesablamaları göstərir ki, Azərbaycanda qadınların 8%-i zorakılığa məruz qalır, onların da 43.6%-i ailə zorakılığıdır”.
Konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Zahir Əlizadə, Fövqəladə Hallar Nazirliyi Fövqəladə Halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş zabiti, tibb xidməti kapitanı Xanım Sofiyeva, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlıvə digər rəsmi şəxslər mövzu ətrafında çıxış ediblər.
Bildirilib ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusi ilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyaları həyata keçirir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquqları və məişət zorakılığı mövzusu ətrafında çıxış edərək qeyd edib ki, bu hallar birbaşa olaraq vətəndaş hüquqlarının pozulmasına gətirib çıxarır. Maarifləndirmə işlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayan Aparat rəhbəri eyni zamanda bu istiqamətdə təkliflərini diqqətə çatdırıb.
Tədbirdə, eyni zamanda, “Məişət zorakılığının qarşısının alınması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili işlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə Tədbirlər Planı” layihəsinin təqdimatı keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.