Məişət zorakılığı cinayət qanununda necə tənzimlənə bilər? Beynəlxalq təcrübələrdən nümunələr
Поделиться:
Məişət zorakılığı dünya miqyasında problem yaradan bir mövzudur. Bu məsələ Covid-19 pandemiyası zamanı daha da aktualdır. Qurbanlar ailədə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən döymə, cinsi zorakılıq, ailədaxili təcavüz (zorlama) və istismarla əlaqəli digər şiddətdən əziyyət çəkirlər. Məişət zorakılığı hərəkətləri bütün cəmiyyət üçün fiziki, zehni və iqtisadi xərclərə səbəb olur. Məişət zorakılığının bütün formalarını tam şəkildə əhatə edən səmərəli hüquqi tədbirlər bu prosesdə həlledici əhəmiyyətə malikdir. Belə tədbirlər qurbanları qorumaq və imkanlarını gücləndirmək və günahkarları mühakimə etməklə məişət zorakılığının qarşısının alınmasına kömək edir. Bu səbəbdən beynəlxalq təşkilatlar məişət zorakılığının cinayət hesab olunmasını (kriminallaşdırılmasını) təşviq edirlər. Bir çox Avropa ölkələri bu yolu tutmuşdur.
Qadına qarşı hər növ ayrı-seçkiliyin ləğvi haqqında Konvensiya (CEDAW) bu sahədə irəliləyiş üçün böyük bir addım olmuşdur. 2017-ci ildə CEDAW Komitəsi, iştirakçı dövlətlərə “qadınlara qarşı bütün sahələrdə, fiziki, cinsi və ya psixoloji bütövlüyünün pozulması ilə nəticələnən, gender əsaslı zorakılığın bütün növlərinin kriminallaşdırılmasını və cinayətin ağırlığına uyğun qanuni sanksiyaların və eləcə də mülki vasitələrin təxirə salınmadan tətbiq edilməsini və ya gücləndirilməsini”nin təmin edilməsini tövsiyə etmişdir.
Qadına Qarşı Zorakılığın və Məişət Zorakılığının qarşısının alınması və onunla Mübarizə üzrə Konvensiya da məişət zorakılığının xüsusi növlərinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir: psixoloji zorakılıq, təqib etmə, fiziki zorakılıq, cinsi zorakılıq, məcburi evlilik, məcburi abort, məcburi sterilizasiya və cinsi qısnama.
Aİ-da məişət zorakılığına məruz qalan şəxslərə dəstək verən ən vacib hüquqi vasitə Qurbanların Hüquqları Direktivi 2012/29/Aİ-dir. Bu direktivdə yaxın münasibətlərdə zorakılıq fiziki, cinsi, emosional və ya psixoloji zərər və ya iqtisadi itki ilə nəticələnə biləcəyi rəsmən qəbul edilmişdir. Bu sənəddə, həmçinin, cinsi zorakılıq (zorlama, cinsi təcavüz (hücum) və qısnama daxil olmaqla) və məcburi nikahlar və “namus cinayətləri” kimi praktikaların (müəllif burada zərərli praktikalar ifadəsini yazıb) müxtəlif formalarına toxunulur. Bu hərəkətlər ağır nəticələrə səbəb ola bilər, çünki cinayətkar qurbanın etibar edə (inana) bilməsi gərək olan bir şəxsdir. Bu səbəbdən yaxın münasibətlərdə zorakılıq qurbanlarının xüsusi qoruma tədbirlərinə ehtiyacı ola bilər. Cinayətkarın müəyyənləşdirilməsindən, tutulmasından, cinayət təqibi tətbiq olunmasından və ya mühakimə olunub-olunmamasından asılı olmayaraq bu direktiv altında qurbanların müdafiəsi (qorunması) təmin olunmuşdur.
Kriminallaşdırma formalarına gəldikdə, cinayət qanununa məişət zorakılığının daxil edilməsində iki əsas yanaşma mövcuddur:
(i) Cinayət Məcəlləsində məişət zorakılığına həsr olunmuş cinayət əməli;
(ii) “məişət zorakılığı” nın ağırlaşdırıcı hal kimi qeyd edilməsi.
Gürcüstanda ayrıca bir maddə məişət zorakılığı cinayətini müəyyən edir. Bu müddəa fiziki, fizioloji, iqtisadi və cinsi zorakılıq və ya məcburiyyəti məişət zorakılığının formaları kimi tanıyır (rəsmən qəbul edir) və bu cinayəti “ailə üzvlərindən birinin digər üzv tərəfindən, əgər belə hərəkətlər fiziki ağrı və ya əziyyətə səbəb olarsa, sistematik şəkildə sui-istifadə edilməsi, şantaj edilməsi və ya alçaldılması” kimi izah edir. Məcəllədə bu cinayətin törədilməsinə görə məsuliyyət daşıya biləcək şəxslərin siyahısı vardır. Bunlara həyat yoldaşı, ana, ata, nənə, baba, övlad, övladlığa götürülmüş uşaq, ögey uşaq, ögey valideyn, ögey atanın həyat yoldaşı, himayədar ailənin üzvü, qəyyum, nəvə, bacı, qardaş, qayınana, kürəkən, gəlin, keçmiş həyat yoldaşı və ya evdə yaşayan hər hansı bir şəxs daxildir.
Gürcüstanın Cinayət Məcəlləsinə daxil olan cəza kəsmə təlimatları (qaydaları), bu cinayətin 80 - 200 saat arasında bir müddət ərzində icma işi ilə cəzalandırılmasını nəzərdə tutur. Əgər məişət zorakılığı hamilə qadına, yetkinlik yaşına çatmayan şəxsə qarşı və ya əlilliyi olan şəxsə və ya ailə üzvünə və ya iki və ya daha çox şəxsə qarşı zorakılıq hərəkətinin şahidi olan yetkinlik yaşına çatmayan bir şəxsin iştirakı ilə törədilərsə, bu, bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Aİ-na üzv dövlətlərin əksəriyyətində məişət zorakılığı ayrıca bir cinayət əməli olaraq kriminallaşdırılır və ya digər qanun pozuntularını ağırlaşdırıcı hal kimi dəyərləndirilir.
Macarıstanda məişət zorakılığı “münasibətlə əlaqəli zorakılıq” olan ayrıca bir cinayət əməli olaraq kriminallaşdırılmışdır və bunun da əsasında yasaqlama əmri (və ya məhdudlaşdırma əmri) verilə bilər. Slovakiyada genişmiqyaslı fiziki hərəkətlər, eləcə də əsas ehtiyacların inkar edilməsi həbs cəzası ilə nəticələnə bilər. Sloveniyada Cinayət Məcəlləsi “Ailə Zorakılığı” məsələsinin həllini nəzərdə tutur və təhdidləri, hərəkət azadlığını məhdudlaşdırma, təqib etmə və ya cinayətkarın “başqa yollarla qurbanın bərabər hüquqlarını aqressiv şəkildə məhdudlaşdıraraq tabe vəziyyətə gətirmə” kimi hərəkətlərini əhatə edir. İtaliya Cinayət Məcəlləsi bir ailə üzvünə, birlikdə yaşayan bir insana və ya cinayətkarın səlahiyyətinə tabe olan bir şəxsə qarşı pis rəftarı cəzalandırır (“Ailə üzvlərinə və ya birlikdə yaşadıqları şəxsə qarşı pis rəftar”). İsveçdə cinayət bir kişinin evli olduğu / və ya əvvəl evli olduğu/ birlikdə yaşadığı / və ya əvvəl birlikdə yaşadığı bir qadına qarşı törətdiyi cinayət əməllərini (məsələn, təcavüz, qanunsuz təhdid və ya məcbur etmə, cinsi istismar) əhatə edir.
Məişət zorakılığı, Avstriyada, Estoniyada, Latviyada, Fransada, Lüksemburqda, Hollandiyada sağlamlığa ciddi ziyan vurmaq, döyüşdə iştirak, təhdid, fiziki istismar və işgəncə kimi cinayətlər üçün ağırlaşdırıcı hal kimi xidmət edə bilər. Rumıniyanın Cinayət Məcəlləsinə görə, məişət zorakılığı qətlə yetirmə, döymə və digər zorakı hərəkətlərə görə cəza 25 faiz artırılaraq cəzalandırılır.
Bəzi ölkələrdə (Estoniya, Polşa) səlahiyyətli qurumlardan qurbanın şikayətini geri götürməsinə baxmayaraq cinayət təqibini davam etdirmələri tələb olunur. Müzakirə edilən Aİ hüquq sistemlərinin əksəriyyətində, bir zorakılıq qurbanı (Macarıstan, Rumıniya, Slovakiya Avstriya, İtaliya, Portuqaliya və İspaniya) tərəfindən edilən şikayət verilib-verilməməsinə baxmayaraq, məişət zorakılığı mühakimə olunur. Başqa ölkələrdə prokurorluq qurban şikayətini geri götürdükdə və cinayət prosesinin davam etdirilməsində ictimaiyyətin marağını nəzərə alaraq, cinayət işinə başlayıb-başlamamaq barədə qərar verir (Fransa, Almaniya, Lüksemburq, Hollandiya və İsveç, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Slovakiya).
Cinayət tədbirləri (müəllif özü bu ifadəni dəqiq belə yazıb, fərq qoymur (cinayət ya prosessual)) həbs etmədən başlayaraq, həbs qətimkan tədbiri, ünsiyyət qadağası, cinayət yerinə və ya qurbanın yaşayış yerinə qayıtma qadağası, silahların və ya digər təhlükəli əşyaların geri götürülməsi və məişət zorakılığı cinayətkarları üçün müdaxilə proqramlarını tamamlamaq məcburiyyətinə qədər dəyişə bilir.
Buna görə də, məişət zorakılığı qurbanlarına təhlükəsizlik və dəstək təmin etmək üçün hərtərəfli hüquqi bazanın (çərçivənin-bu ifadə də müəllif tərəfindən dəqiq belə yazılıb) yaradılması vacibdir. Məişət zorakılığının kriminallaşdırılması bir çox ölkədə uğurlu olduğunu sübut etmişdir və beynəlxalq ictimaiyyət tərəfindən tövsiyə edilir.
Bu nəşr Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanmışdır. Bu nəşrin məzmunu yalnız Aİ-nın “Azərbaycanda məişət zorakılığı qurbanlarına təhlükəsizliyi və onlara dəstəyi təmin etmək üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi”adlı Tvinninq layihəsinin məsuliyyətinə aiddir və heç bir şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir.