“Qadınlar sülh uğrunda” adlı beynəlxalq video-konfrans keçirilib
Поделиться:
24 noyabr 2020-ci il tarixində “Qadınlar sülh uğrunda” adlı beynəlxalq video-konfrans keçirilib. Azərbaycanın da təmsil olunduğu konfransda Niderland, Latviya, Litvanın, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliklərindən və qeyri-hökumət təşkilatlarından olan beynəlxalq ekspertlər bir araya gəliblər. Konfrans iştirakçıları COVİD-19 pandemiyası dövründə ailədaxili zorakılıqla bağlı problemlərin aradan qaldırılması sahəsində təcrübələrini bölüşərək qadınların qərarqəbuletmə proseslərində rolu, gender bərabərliyi və qadın hüquqları ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanı konfransda Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti” qeyri-hökümət təşkilatının rəhbəri Şəhla İsmayılova təmsil edib. Öz çıxışında 2-ci Qarabağ müharibəsində Ermənistanın törətdiyi terror əməllərindən bəhs edən S. Qəhrəmanova Ermənistanın 30 ilə yaxın bir müddətdə əsassız ərazi iddiaları ilə Azərbaycana təcavüzü nəticəsində hüquqları pozulan qadın və uşaqlardan söhbət açıb. Azərbaycanda qadın hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən tədbirlərdən danışarkən BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqinə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” layihəsinin hazırlanaraq hökumətə təqdim edildiyi diqqətə çatdırılıb.
Konfransda Latviyanı Milli Fəaliyyət Planı üzrə səfiri, Latviya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və İnsan Haqqları İdarəsinin direktoru İlze Ruuse və “Marta” qeyri-hökümət təşkilatının rəhbəri İluta Laas təmsil edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri, nazir-müşavir Simona Qatti, Niderland Xarici İşlər Nazirliyinin Qadın hüquqları və gender bərabərliyi üzrə səfiri Paskal Qrotenius mövzu ilə bağlı fikirlərini bölüşüb.
Litva Avropa Gender Bərabərliyi İnstitutunun əməkdaşı Jolanta Reinqard „Gender Bərabərliyi İndeksi, 2020-ci il: Daha 60 il də gözləyə bilərikmi?” mövzusunda video-təqdimatla çıxış edib.
Sonda BMT-nin Azərbaycandakı Nümayəndəliyinin məsul şəxsi Şəmsiyyə Mustafayeva çıxış edərək tədbirə yekun vurub.