“Ailə könüllüləri” layihəsi uğurla davam etdirilir
Поделиться:
Məlum olduğu kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cari ilin aprel ayında “Ailə könüllüləri” layihəsinə start vermişdir və artıq onlarla ailə Təşkilat Komitəsi tərəfindən seçilərək layihəyə qoşulmuşdur.
Qeyd edək ki, layihənin məqsədləri sırasına həssas qruplara aid, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşdıqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmə, həmçinin, ailələrin bilik və təcrübələrinin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrin insanlar arasında yayılması daxildir. Bakı şəhərində yaşayan Əliyevlər və Qurbanovlar ailəsi xüsusi aktivlik nümayiş etdirərək regionlarda yaşayan bir çox ailələrə köməklik göstəriblər. Həmin ailələrin fəaliyyəti ilə sizi yaxından tanış etmək istərdik.
Binəqədi rayonunda yaşayan Əliyevlər ailəsinin nümayəndəsi Nərgiz Əliyeva bu il Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Könüllülərin peşə bacarıqlarının artırılması və potensialından səmərəli istifadə etmək məqsədilə Nərgiz Əliyeva Şüvəlan və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin “Erkən nikahlara YOX deyək!” adlı vebinarlarında çıxış etmişdir. O, təlim iştirakçılarına qanunvericilikdə nəzərdə tutulmuş nikah yaşı, nikaha məcbur edildikdə tətbiq olunan cəza və cərimələr barədə məlumat vermişdir. Nərgiz Əliyeva Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin “Məşğulluq” mövzusunda təşkil etdiyi vebinarda iştirak etmiş, iştirakçılara məşğulluqla bağlı “Əmək Məcəlləsi”ndə qeyd edilmiş müddəalar barədə məlumat vermişdir. Nərgiz həmçinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin hərbi vətənpərvərlik mövzusunda təşkil etdiyi onlayn tədbirdə də iştirak etmişdir.
Nərimanov rayon sakini Qurbanovlar ailəsinin nümayəndəsi, hüquqşünas Aytac Qurbanova İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin uşaq hüquqları mövzusunda təşkil etdiyi vebinarda çıxış etmişdir. On səkkiz nəfərin iştirakı ilə keçirilən vebinarda bu sahədə ölkəmizin qanunları və beynəlxalq konvensiyalar barədə məlumat verilmişdir. Aytac Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkil etdiyi “Valideyn–uşaq münasibətləri” adlı onlayn tədbirdə çıxış edərək, ailə münasibətlərinin qanunvericilikdə tənzimlənməsi, ailədə valideyn və uşaqların hüquq və vəzifələri barədə danışmışdır.
Hər iki ailənin hüquqşünas övladları Ağdam, Goranboy, Hacıqabul və Zərdab rayonlarından olan vətəndaşların Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə daxil olan müraciətləri əsasında hüquqi məsələlərinin həll olunmasında köməklik göstərmişdirlər. Könüllülərin fəaliyyətindən, ümumilikdə, iki yüzdən çox insan faydalanmışdır.