“Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı layihənin yekun konfransı keçirildi
Поделиться:
18 iyun 2020-ci il tarixində “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı layihənin yekun konfransı keçirilmişdir.
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılan layihənin ümumi məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair milli gündəliyin genderə həssas istiqamətdə işlənib-hazırlanması və həyata keçirilməsində vətəndaş cəmiyyətinin effektiv və fəal iştirakının təşviq edilməsidir. Layihənin digər məqsədləri siyahısına isə vətəndaş cəmiyyəti və Hökumət arasında DİM məsələləri müstəvisində qarşılıqlı etimadın möhkəmləndirilməsini və dialoqun qurulmasını təşviq etmək və vətəndaş cəmiyyəti təşkilatlarının DİM-lərin icrasında gender amilini nəzərə alan yanaşmanın tətbiqi ilə bağlı anlayış və biliklərini yaxşılaşdırmaqdır.
Layihə çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları ilə Hökumət arasında DİM gündəliyinin icrası kontekstində dialoq və şəbəkələşmə üçün gender amilinin də nəzərə alındığı platforma yaradılmışdır. Həmçinin, vətəndaş cəmiyyəti təşkilatlarının DİM çərçivəsini daha yaxşı anlaması və DİM-lərin icrasında gender amilini nəzərə alan yanaşmaların tətbiqinə dair bacarıqlar artırılmış, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra edilən, gender məsələlərinə həssaslıqla yanaşılan DİM-lərlə bağlı layihələrə dəstək göstərmək üçün qrant proqramı həyata keçirilmişdir.
Konfransın açılışında Avropa İttifaqı Azərbaycan nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Çara Bist, İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova və Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış etmişdir.