Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə veteranları təbrik edib

7 мая 2020

Поделиться:

Mayın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə paytaxt və regionları əhatə etməklə veteran qadınlar ziyarət edilib, onlara Komitə sədrinin ünvanladığı təbrik məktubu və xoş arzuları çatdırılıb.

Komitə əməkdaşları və könüllüləri Böyük Vətən Müharibəsi illərində həm ön, həm də arxa cəbhədə Vətənimizi fədakarcasına müdafiə edərək qəhrəmanlıq və böyük şücaət göstərmiş vətənpərvər Azərbaycan qadınlarına Komitə tərəfindən hazırlanmış hədiyyələri təqdim edərək, koronavirus pandemiyasının sürətlə yayıldığı hazırki çətin dövrdə yaşlıların daha çox risk qrupunda olduğu nəzərə alınaraq, onların əhvalı və səhhəti ilə maraqlanıblar.

Ziyarət çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən veteranlara daim qayğı ilə yanaşılması, onların əməyinin hər zaman yüksək şəkildə qiymətləndirilərək müxtəlif mükafatlarla təltif edilməsi barədə fikir mübadiləsi aparılıb.

Veteranlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, sosial problemlərin həlli istiqamətində ölkəmizdə aparılan məqsədyönlü və genişmiqyaslı fəaliyyətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti və Vertebra Onurğa Mərkəzi də Komitənin təşəbbüsünə qoşularaq veteranları təbrik ediblər.

Qeyd edək ki, veteran qadınlarla görüş ölkədə elan olunmuş karantin və sosial izolyasiya qaydalarına uyğun olaraq, zəruri təhlükəsizlik tədbirləri təmin edilməklə həyata keçirilib.