“Ailədən ailəyə” aksiyası çərçivəsində yardımlaşma davam edir
Поделиться:
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdindəki Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət göstərdikləri, eləcə də ətraf rayonlarda "Ailədən ailəyə" dəstək kampaniyası davam etdirilir.
İctimai həmrəyliyin, mərhəmətin və xeyirxahlıq ənənələrinin təzahürü olan “Ailədən ailəyə” aksiyası müddətində 70 ailə tərəfindən həssas təbəqədən olan ailərə yardım göstərilib. Xeyirxah və mərhəmətli insanların köməyi sayəsində sosial təcrid şəraitində yaşayan ailələrin (Göygol, Ağdam, Bərdə, Goranboy, Zərdab, Qəbələ, Zaqatala, İsmayıllı, Hacıqabul, Saatlı, Sabirabad və Bakının Xəzər rayonunda) zəruri ehtiyacları ödənilib, ailələrə ərzaq, geyim, təmizlik vasitələrinin verilməsi ilə yanaşı, zəruri dərman preparatlarının alınmasında da köməklik göstərilib, bəzi rayonlarda yardım məqsədilə kəsilən ətlər və bişirilən çörəklər ailələr arasında paylanılıb.
Qeyd edək ki, aksiya karantin rejiminin qaydalarına müvafiq olaraq, Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin yerləşdiyi rayonlarda keçirilsə də, bu xeyirxah təşəbbüsə Masallı rayonundan Abbasovlar ailəsi də qoşularaq rayonlarından olan 5 aztəminatlı ailəyə ərzaq yardımı göstərib. Sosial izolyasiya dövründə edilən xeyirxah əməllər bir daha göstərir ki, xalqımızın qədim və mərhəmətli ənənələri hələ də yaşayır və ailədən ailəyə, evdən evə işıq saçır.
Siz də öz ailəniz adından başqa bir ailəyə yardım əli uzatmaqla bu kampaniyaya qoşula, ehtiyacı olan insanlara dəstək göstərə bilərsiniz
#evdəqal#saglamqal