Astarada ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçirildi
Поделиться:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazirlər və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. 16 sentyabr 2016-cı il tarixində Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova vətəndaşların qəbulunu keçirib.
Qəbulda Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, boşanmalar, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı iştirak ediblər.
Ölkəmizdə ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr barədə tədbir iştirakçılarına məlumat verən Hicran Hüseynova qadınların məşğulluğu, erkən nikah hallarının qarşısının alınması, qadın sahibkarlara dəstək verilməsi, qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova fəal qadınların bir qrupu ilə görüşüb. Müzakirələr zamanı qadınları narahat edən bir çox məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.