Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim olunub

13 марта 2020

Поделиться:

13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bahar Muradovanın kollektivə təqdimetmə mərasimi keçirilib. B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edərək, keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.

F.Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq, ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, cənab Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib. B.Muradova çıxışında gender bərabərliyi, ailə məsələləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri qeyd edərək, cəmiyyəti və dövləti narahat edən uşaq nikahları, selektiv abortlar, məişət zorakılığı və məcburi nikah halları, uşaqların zərərli informasiyalardan qorunması kimi məsələlərə toxunub. Cəmiyyətdə bu proseslərin qarşısının alınması istiqamətində səylərin daha da gücləndirilməsini,  konkret proqram və layihələrin işlənilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Komitənin bundan sonrakı fəaliyyətində beynəlxalq təşkilatlarla, parlamentlərarası qruplarla, dövlət və QHT-lərlə, vətəndaşlarla, ailələrlə iş, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində  koordinasiyanı gücləndirərək könüllü şəbəkəsinin yaradılmasının vacibliyi bildirib.

BAHAR ƏVƏZ QIZI MURADOVA

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (12 mart 2020-ci il).

B.Muradova 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini və 2000-ci ildə isə “Azərbaycan” Universitetinin hüquq fakultəsini bitirmişdir.

1981-ci ilin may ayından Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayan Bahar Muradova 1989-1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993-1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində işləmişdir.

1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Preziden¬ti İcra Aparatının ictimai-siyasi şöbəsində referent vəzifəsinə təyin olunmuş və burada 2000-ci ilin fevral ayınadək çalışmışdır.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olmuşdur. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü, YAP icra katibinin müavini seçilmişdir.

1999-2005-ci illərdə YAP icra katibinin müavini olmuşdur. 2013-cü ildən YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri olmuşdu. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2005-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini olmuşdur, 2015-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini icra etmişdir.

2005-ci ildən 2019-cu ilədək ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-ci ildən 2019-cu ilədək Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur.

2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2015-ci ildən isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır.

“Şöhrət” ordeni, Milli Məclisin Fəxri və Parlament medalları ilə təltif olunub. Bir sıra yerli və beynəlxalq mükafatların laureatıdır.

Ailəlidir, bir qızı var.