Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tədbir keçirildi
Поделиться:
Bu gün 26 fevral 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, Xocalı ilə bağlı həqiqətlərin daha geniş kütləyə çatdırılması məqsədilə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində tədbir keçirildi.
Tədbirdə Komitənin sədr müavini Aynur Sofiyeva, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nin beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova, AR-nın İnsan Hüquqları üzrə Müvəkkili Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təşkilati-nəzarət və analitika şöbəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva və müxtəlif məktəblərdən olan 50 uşaq iştirak edirdi. Tədbir Bakıdakı Mərkəzlə yanaşı Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən Mərkəzlərdə də 200-ə yaxın uşağın iştirakı və birbaşa tədbirə qoşulması ilə həyata keçirilirdi.
İKT Mərkəzinin studiyasından Bakı və digər 6 rayondakı Mərkəzlərlə birbaşa canlı bağlantıda sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan tarixinin ən acı səhifələrindən olan Xocalı faciəsindən 28 il ötür: “Xocalı soyqırımı tariximizin və XX əsrin ən faciəli hadisələrindəndir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq qətlə yetirilib”.
Sədr müavini vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis fevralın 26-sı tarixini Xocalı Soyqırımı Günü elan etdi. Həmçinin Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüldü. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz Fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Məhz Fondun xidmətləri sayəsində dünyanın 15-dən çox ölkəsinin parlamenti və ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı tərəfindən Xocalı soyqırımı tanınıb.
Digər dövlət qurumlarının rəsmiləri də çıxış etdikdən sonra Bakıda və regionlardakı tədbirdə iştirak edən uşaqlara Xocalı faciəsi barədə ətraflı məlumatlar verildi və tədbir zamanı uşaqlar sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, xaricdə yaşayan dostlarına faciə barədə məlumatları özündə əks etdirən mesajlar çatdırdılar.