“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” adlı tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələrin erkən nikahın fəsadları, reproduktiv sağlamlıq və ailə planlaşdırması sahəsində maarifləndirilməsi məqsədilə fevralın 21-də Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin Tərbiyyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova həyata keçirilən dövlət ailə siyasəti barədə çıxış edərək, cəmiyyətimizi narahat edən aktual problemlərdən (məişət zorakılığı, erkən nikah halları, insan alveri və s.) onların yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin davamında Komitənin hazırladığı maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub, “Azərbaycan Ailəsi Film Festivalına” təqdim olunan “Ailə bir ağacdır” və “ To be or not to be” adlı filmlər nümayiş etdirilib.
Səhiyyə Nazirliyinin İctimai-Siyasi Islahatlar Mərkəzinin həkim-metodisti Ülkər Cəfərova“ Reproduktiv sağlamlıq və ailə planlaşdırması” adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına erkən nikahlarının qızların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirdən bəhs edib və ailə planlaşdırılması üsulları barədə ətraflı danışıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib.
Tədbirinin sonunda ailə dəyərləri, ailənin idarə olunması, ailədaxili münasibətlərin tənzimlənməsinin araşdırılması məqsədi ilə 70 nəfər tələbə arasında sorğu aparılıb.