“Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirilib

31 января 2020

Поделиться:

Yanvarın 31-i Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi”  layihəsi çərçivəsində Hökumət evinin Konfrans zalında Dəyirmi Masa keçirilib.

Tədbirdə 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş bələdiyyə üzvləri iştirak edib və qadınların bu sahədəki nailiyyətlərindən bəhs olunub.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova tədbiri açaraq bildirib ki, aparılan dövlət siyasətinin nəticəsində ilk bələdiyyə seçkiləri zamanı qadınların say tərkibi 4% idisə, son bələdiyyə seçkisində 39%-a yaxın qadın bələdiyyə üzvü seçilib. Bu rəqəmlərin regionlarda qadınlarla mütəmadi görüşlərin keçirilməsi, maarifləndirmə işinin  aparılması, onlara dəstək verilməsi nəticəsində əldə edildiyi diqqətə çatdırılıb:   “Qadınlar fəaliyyətləri zamanı sosial maneələrlə daha çox  rastlaşsalar da, bununla mübarizə aparıb məqsədə nail olmağa çalışmalıdırlar. Bələdiyyələrdə qadınların problemləri ilə məşğul olan Komissiyalar fəaliyyətə başlasa, zorakılıq qurbanlarının polisə yox, bələdiyyələrə müraciət etmələrinə şərait yaranar. Buna görə qadın hüquqlarının müdafiəsi üçün bələdiyyələrdə qadınların say çoxluğu mühüm rol oynayır”. S. Qəhrəmanova sosial zəif qadınları sahibkarlığa cəlb etmək məqsədilə “Kənd Qadınlarının İnkişafı” layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində 11 Resurs mərkəzinin fəaliyyət göstərdiyini, 200-ə yaxın qadının sahibkarlıq fəaliyyətinə başladığını vurğuladı. Nitqinin sonunda sədr müavini bələdiyyə üzvü qadınları təbrik edərək fəaliyyətlərində uğur arzulayıb.

Daha sonra BMT-nin Dayanıqlı İnkişaf Proqramının layihə rəhbəri Vüsal Behbudov çıxış edərək “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi”  layihəsinin 2 il ərzində həyata keçirildiyini, layihənin əsas məqsədinin gender bərabərliyinin, sosial, iqtisadi və siyasi məsələlərdə bərabər iştirakın təmin edilməsi olduğunu diqqətə çatdırdı. 

Tədbirin davamında layihənin yekun təqdimatı edilib və layihə əlaqələndiricisi, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova çıxış edib.

Daha sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi Seymur Nağıyev, Qəsəbə Bələdiyyələrinin Milli Asosasiyasının sədri Hümbət Hüseynov, Nardaran bələdiyyəsinin sədri Pərvanə Nəsirova, Cəyirli bələdiyyəsinin sədri Aynur Axundova, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Qax şəhər bələdiyyəsinin üzvü Dailarə Əhmədova çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib.