QHT layihələri ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası keçirilib

12 декабря 2019

Поделиться:

Dekabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə hər iki qurumun əməkdaşları, QHT-lər iştirak edib.

Məlumatlandırma sessiyasında Komitənin sədr müavini Sədaqət Qəhrəmanova qrant müsabiqəsinin mövzuları olan erkən və qeyri-rəsmi nikahlar, ailə dəyərləri, məişət zorakılığı və ondan müdafiə vasitələri, qadınların reproduktiv sağlamlığı, küçə uşaqları, həssas qrupdan olan qadınların hüquqi, psixoloji və sosial cəhətdən dəstəklənməsi barədə ətraflı məlumat verib. Bu müsabiqədə 8 mövzu üzrə ümumilikdə 24-dək layihənin maliyyələşməsi nəzərdə tutulub.
Şuranın üzvü Nərgiz Xələf QHT nümayəndələrinə qrant müsabiqəsinin mövzuları, şərt və qaydaları ilə bağlı ətraflı məlumat verib. Qrant müsabiqəsində iştirakla bağlı layihə müraciətləri dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 4 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsi prosesinə başlanılacaq.
Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli qeyd edib ki, bütün qrant müsabiqələri canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçirilir. Tədbirdə SƏLİS Xidmətinə daxil olan e-Ərizə proqramından istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib.
Məlumatlandırma sessiyasının sonunda QHT-lərin sualları cavablandırılıb.