Qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəyirmi masa
Поделиться:
Dekabrın 9-u Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Fransa səfirliyi tərəfindən qadınlara qarşı zorakılığa qarşı mübarizə mövzusunda konfrans keçirilib. Tədbir, dünyada Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Kampaniya çərçivəsində təşkil edilib.
Tədbiri Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova birlikdə açaraq qadınlara və qızlara qarşı zorakılığın qadınlara qarşı ayrı-seçkilik və insan hüquqlarının pozulmasının geniş yayılmış təzahürlərindən biri olaraq qalmasından dərin narahatlıqlarını ifadə etdilər. Fransa səfiri qeyd etdi ki, qadın və qızlara qarşı zorakılıq universal bir hadisədir və onun səviyyəsi qəbuledilməz dərəcədə yüksək olaraq qalır "Fransa hökuməti bu məsələlərlə bağlı gücləndirilmiş tədbirlər görür və bu il noyabrın 29-da ölkənin baş naziri Eduard Filipp strategiya yaradılmasını müzakirə etmək üçün bütün qurumların nümayəndələrini bir araya topladı".
H.Hüseynova Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə və qurbanların müdafiəsinin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verdi. Komitə sədri qeyd etdi ki, bu il CEDAW Konvensiyasının qəbul olunmasının 40 illiyi, Pekin Konfransının 25 illiyinin qeyd edilməsinə, bu illər əezində görülən tədbirlərə baxmayaraq bu gün heç bir ölkə deyə bilməz ki, bu problemi tamamilə kökündən həll edə bilib. H.Hüseynova Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərdən, tədbirlərdən bəhs edərək, Azərbaycanın bütün beynəlxalq konvensiyalara qoşulduğunu və öhdəlikləri yerinə yetirməyə çalışdığını bildirib. “Qanunvericilik baxımından da ən güclü qanunlar qəbul edilib, istərdik ki, bu qanunlar daha yaxşı implimentasiya edilsin. Bu illər ərzində biz hər ay regionlarda qadınlarla görüşlər keçirir, onların hüquqları barədə maarifləndirmə aparırıq, regionlarda qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınların iqtisadi baxımdan azadlığının təmin olunması üçün Resurs Mərkəzləri açılıb. Bundan əlavə Monitorinq Qrupları rayonlarda zorakılıq halları ilə mübarizə aparır”.
Daha sonra Fransa Ali Şurasının gender bərabərliyi üzrə sabiq baş katibi Claire Guiraud qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində Fransa təcrübəsini bölüşdü. O, bildirdi ki, Fransada hər 3 qadından biri əri tərəfindən qətlə yetirilir. Fransada 70-ci illərdən etibarən bu hallarla mübarizə aparılmasına baxmayaraq rəqəmlər ildən ilə artır. Xanım Guiraud zorakılıq hallarının yalnız cinayətlə məhdudlaşmadığını, cinsi qısanama, zorlama hallarının da mövcudluğunu deyərək zorlamaya əl atanların 99%-inin cəzasız qaldığını bildirdi. O, qeyd etdi ki, zorakılığın nə rəngi, nə dini, nə irqi, nə də milliyəti yoxdur.
"Təmiz Dünya" Qadın təşkilatının rəhbəri Merhiban Zeynalova ölkədəki sığınacaqların yaranmasından və hazırkı vəziyyətindən danışaraq qadın zorakılığı ilə mübarizədə onların əhəmiyyətini diqqətə çatdırdı, qurbanların problemlərinin həllində və ehtiyaclarının təmin olunmasında təcrübələrini bölüşdü. O, eyni zamanda müraciətlərə operativ reaksiya verdiyinə görə Komitəyə minnətdarlığını bildirdi.
Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis JANKAUSKAS tədbirin sonunda çıxış edərək iştirakçılara təşəkkür etdi. 15 günlük zorakılıqla mübarizədə “Bəyaz lent” kampaniyasından bəhs edərək, kampaniya çərçivəsində müxtəlif qurumların, təşkilatların dəstəyi ilə toplanan ianəni “Təmiz Dünya” QHT-nin və qadın sığınacağının rəhbəri Mehriban Zeynalovaya təqdim etdi. M. Zeynalova bu ianənin çox gözlənilməz olduğunu və onun vacib işlərə xərclənəcəyini deyib.
Tədbirin davamı kimi, fransız rejissoru Fredérique Bedosun "Kişi və qadın" filminin (ingilis və fransız dilində subtitrlərlə) nümayişi nəzərdə tutulub