“Uşaq hüquqları: suallar və cavablar” mövzusunda dəyirmi masa keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə ənənəvi silsilə tədbirlər həyata keçirir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.
Bu istiqamətdə “Uşaq hüquqları: suallar və cavablar” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır. Tədbirdə öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən uşaqların iştirakı nəzərdə tutulub.
Uşaqların iştirak hüququnun təmin edilməsi məqsədilə müvafiq sahədə çalışan ekspertlərin iştirakı ilə keçirilən tədbirdə uşaqlara uşaq hüquqlarının müdafiəsi istiqamətində və onları narahat edən məsələləri qaldırmaq, müvafiq təşəbbüslə çıxış etmək, tövsiyələr vermək və liderlik qabiliyyətini üzə çıxarmaq imkanı yaradılacaqdır.
Tədbir 2019-cu il noyabrın 20-si saat 15:00-da Hökumət Evinin Konfrans zalında keçiriləcək.