11 oktyabr “Beynəlxalq Qızlar Günü”nə həsr olunan tədbir keçirili
Поделиться:
Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə Nizami rayonunda yerləşən 12 saylı tam orta məktəbdə “Beynəlxalq Qızlar Günü”nə həsr olunan tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əli Alıyev məktəbin fəaliyyəti, şagirdlərin təhsili, onların müxtəlif sahələrdə əldə etdikləri uğurlardan bəhs edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. S. Qəhrəmanova bu istiqamətdə ailənin rolundan danışıb, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması və düzgün ötürülməsinin vacibliyini vurğulayıb.
Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə Komitə ilə bu istiqamətdə görülən işlərdən ətraflı məlumat verib. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova “Qızlar statistikada” mövzusunda təqdimat edib, ölkə üzrə müsbət statistika ilə yanaşı, qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq, erkən nikah və onun fəsadları kimi aktual məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda məktəb şagirdləri mövzu ilə bağlı bir neçə səhnəcik nümayiş ediblər.