QHT-nin icraçı direktoru Azərbaycanı Beynəlxalq Forumda təmsil edib
Поделиться:
Cenevrədə (İsveçrə), BMT-nin Palais des Nation zalında "Təhsil vasitəsilə uşaq və gənclərin hüquqlarının təşviqi və müdafiəsi" mövzusunda Sosial Forum keçirilib.
BMT-nin İnsan Hüquqları Şurasının təşkil etdiyi ilk Forumda dünyanın bir çox ölkəsindən, xüsusilə Uşaq Hüquqları Konvensiyasının ratifikasiyasını etmiş dövlət qurumları və qeyri-hökumət təşkilatları iştirak ediblər.
Forumda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” təşkilatının icraçı direktoru Kəmalə Aşumova təmsil edib.
Hər il forumda müxtəlif mövzular seçilir və maraqlı tərəflər Şuranın seçdiyi mövzunu müzakirə edirlər. Keçən il bu Forum Qadın problemlərinə həsr olunmuşdu. Bu il isə Uşaq Hüquqları Konvensiyasının 30 İlliyi nəzərə alınıb və bir daha dünyada uşaqların problemlərinə diqqətin artırılması üçün Uşaqların Hüquqlarının qorunması, onların təhsil almaq imkanları müzakirə edilib. İştirakçılar bu müddət ərzində uşaqların təhsili sahəsində görülən və görüləcək işləri müzakirə ediblər. Bildirilib ki, təhsil almaq uşaq və gənclərin imkanlarını genişləndirməyə imkan verdiyi üçün təhsil məsələsi əsas məsələyə çevrilib və cinsiyyətindən, ailənin sosial vəziyyətindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hər kəsin təhsil almaq hüququ var.
“Ümidli Gələcək” təşkilatının icraçı direktoru Kəmalə Aşumova tədbirdə iştirakı haqqında danışıb: “Forumda təşkilat nümayəndəsi kimi iştirakım digər tədbir iştirakçılarını ölkəmizlə tanış etmək və dövlət qurumları ilə bərabər uşaq və gənclərlə yüksək səviyyədə fəaliyyətin qurulması haqqında “Azərbaycanda fövqəladə vəziyyətlərdə və münaqişələrdə uşaqların təhsili” mövzusunda interaktiv dialoq zamanı məruzəmi ölkələrin diqqətinə çatdırmağıma imkan verdi. Bununla yanaşı, BMT və Forumda iştirak edən ölkələrə Azərbaycanda müharibə nəticəsində torpaqlarından ayrı düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyəti, illərdir doğma torpaqlarını görməyə həsrət qalan uşaqlar barədə bir daha söhbət açdım. Tərəfimdən qeyd edildi ki, dövlətimiz qaçqın və məcburi köçkünlərə dəstək olmaq üçün çox işlər görüb, yeni kəndlər, qəsəbələr salınıb, infrastruktur yaradılıb, təhsilə çıxışın təmini məqsədilə yeni məkətəblər inşa edilib, bir qismi isə təmir edilib. Lakin onların əsas istəyi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal etdiyi Azərbaycanın ərazilərinin geri qaytarılmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının hər zaman tərəfdarı olduğunu vurğuladım. Təbii ki, indi Azərbaycan kifayət qədər dinamik inkişaf edən bir ölkə olduğundan, iqtisadi potensialı son 15 il ərzində ciddi şəkildə gücləndi və bunun sayəsində müvəqqəti yaşayış məntəqələrində, qaçqın və məcburi köçkünlərdə olan uşaqların eyni səviyyədə və keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradıldı və onların inkişaf hüququ ölkəmizin digər bölgələrindən olan uşaqlar ilə eyni səviyyədə təmin edildi. Ancaq onların yaşamaq hüququ, xüsusən də cəbhə bölgəsinə yaxın qəsəbələrdə və kəndlərdə yaşayan uşaqlar, xüsusilə doğma kəndlərində, şəhərlərində ailələri ilə birlikdə yaşayan uşaqlar üçün hələdə təhlükə yaradır. Hər gün onlar, o cümlədən yaşadıqları evlər, məktəblər, xəstəxanalar, kənd təsərrüfatı əraziləri atəşkəsin pozulaması səbəbindən təhlükə ilə üzləşir və təbii ki, 30 ildir ki, uşaqlar psixoloji zorakılıq şəraitində yaşayırlar və belə şəraitdə yaşadıqları üçün nəyinki təhsillərinə, həmçinin ümumi inkişaflarında uzun müddətli mənfi təsirlərə məruz qalırlar. Azərbaycan çox sülhsevər bir dövlətdir, Azərbaycan çoxmillətli dövlətdir, fərqli dinlərə mənsub insanlar, fərqli millətlərdən olan insanlar burada yaşayır, Azərbaycanda 90-dan çox etnik millət yaşayır. Əlbəttə, Azərbaycan öz torpaqlarını qorumağa və geri qaytarmağa həmişə hazırdır və dövlətimiz öz ərazilərini geri qaytaracaqdır. Azərbaycanda təkcə rəsmi təhsilə deyil, həmdə uşaqlar, gənclər və yetkin əhali arasında qeyri-rəsmi təhsilə ciddi diqqət yetirilir. Biz sülh mədəniyyətini, sülh üçün təhsili təbliğ edirik və təbii ki, uşaqlar və gənclər sülh mədəniyyəti sahəsində, münaqişələrin həlli sahəsində lazımi biliklərə yiyələnirlər, çünki bu dünya multikultural, çoxmillətli dünyadır və bütün insanlar harmoniya və sülh içində yaşamalıdırlar”.