Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Serbiya Respublikasında keçirilən “Lider Qadınlar və Davamlı İnkişaf - mütləq inkişaf” adlı Beynəlxalq Konfransda iştirak edib

3 октября 2019

Поделиться:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2 oktyabr tarixində Serbiya Respublikasında keçirilən “Lider Qadınlar və Davamlı İnkişaf - mütləq inkişaf”  adlı Beynəlxalq Konfransda iştirak və çıxış edib.

Tədbirdən əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova Serbiya səfəri çərçivəsində Belqradın Taşmaydan parkında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Beynəlxalq Konfransın “Qadın liderlər – keçmiş, bu gün və gələcəkdə”  adlı Birinci panelində çıxış edən Hicran Hüseynova bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Möhtərəm Prezident cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək ölkəmizdə, o cümlədən, dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd olundu.Müsəlman Şərqində və Türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu, cənab İlham Əliyev tərəfindən  daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğunu inkişaf etdirir. Həmçinin Prezidentimizin uğurlu dövlət idarəçiliyi ilə bölgələrimizin sosial-iqtisadi inkişafı qadınların qarşısında böyük imkanlar açır.  

“Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac olub  və  qadınlar  belə bir məsuliyyətindən öhdəsindən ləyaqətlə gəliblər.  On doqquzuncu əsrin sonu və iyirminci əsrin əvvəllərində qadınlarımız  novator ideyalar irəli sürərək, demək olar ki, yeni gender münasibətləri formalaşdırırdılar. Belə ki, onlar, xeyriyyəçilik  fəaliyyəti ilə ilk qadın məktəblərini, qadın cəmiyyətləri yaratmaqla, ictimai aktiv qadınların sayının artmasına dəstək oldular. Təhsilli qadın - təhsilli millət - bu, ölkənin vacib məsələlərindən biri idi. Əhalinin, xüsusi ilə də qadınların  təhsil alması əsas vəzifəyə çevrildi”.

Komitə sədri xüsusi ilə qeyd edib ki, Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştirakına marağı artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən  irimiqyaslı layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idman və digər sahələri əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə  qadın hüquqlarının müdafiəsi istiqamətində apardığı işlər xüsusilə qeyd olunmalıdır. 

Hicran Hüseynova bildirib ki, bütün nailiyyətlərlə yanaşı ölkəmizin hələ də hələ də müharibə şəraitində  olduğunu vurğulayıb. Qaçqın və məcburi köçkünlərin, xüsusilə də bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb və digər xidmətlərin əlçatan olması  Hökumət bütün zəruri işləri görür. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir.

Həmçinin Qadınların iqtisadi baxımdan yaxşılaşdırılması - yoxsulluqsuz bir dünya adlı ikinci paneldə çıxış edən Komitə sədri Hicran Hüseynova bildirib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın  daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaratmışdır. Və bu onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı artmaqdadır.  Azərbaycanda da qadınlar ildən-ilə  kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə  sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Komitə sədri bildirib ki, BMT-yə üzv dövlətlər  Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək 17 məqsəd üzrə hədəflər müəyyən etmişdir. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on bir il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün bütün səylərini səfərbər edəcəklər. 

Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər,  yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxaq səviyyədə  əlaqələr qurusun, şəbəkələr yaradılsın. Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir.  Qeyd edim ki, bir sıra layihələrimiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF),  Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəstəyi ilə reallaşır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün sahibkar qadınlarımız digər  ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Türkiyə, Belarusiya, Rusiya və digər ölkələrin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək istərdim. Artıq bizdə belə bir təcrübə var ki,  sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Və bu gün fəaliyyət göstərən 8 Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri  buna əyani misaldır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi nəticəsində  bu gün kənd qadınları çox aktivdirlər. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapması üçün Xüsusi İş  və Əmək Yarmarkaları reallaşdırılır. Bizim Komitənin  və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə son 7 ayda sahibkar qadınların iştirakı ilə 50-dən artıq tədbir keçirilib. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. Son 16 ildə  dörd  min üç yüzdən çox (4347) qadın sahibkara  yetmiş doqquz tam onda bir (79,1) milyon manat kredit verilmiş, o cümlədən, qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına altı mindən çox (6797) yeni iş yeri açılmışdır.

Konfrans çərçivəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Serbiya Respublikasının Xarici İşlər naziri və Baş Nazirin müavini İvitsa Daçiç  ilə, həmçinin Nazirlər Kabinetinin Demoqrafiya və Əhali Məsələləri üzrə nazirinin məsləhətçisi Slavitsı Cukic-Deyanoviç ilə görüşləri baş tutub.

Həmçinin səfər çərçivəsində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinə ziyarət təşkil olunub.

Konfrans müzakirə və məruzələrlə öz işini davam etdirib.