Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin VI Konfransında iştirakı

4 ноября 2016

Поделиться:

1-3 noyabr tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbul şəhərində  “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin VI  Konfransı keçirilir.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələri  iştirak edir. Konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda Nazirlərin V  Konfransı 2014-cü il tarixində Bakıda keçirilmişdir. Konfransda, eyni zamanda qadınların statusu ilə bağlı imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib.

Konfrans çərçivəsində Komitə sədrinin Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri Delbar Nazari və Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya ilə görüşü baş tutub.

Görüş çərçivəsində birgə əməkdaşlıq, gender məsələləri müzakirə olunub. Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya Azərbaycan Respublikası ilə müvafiq sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, məişət zorakılığı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların irəli çəkilməsi ilə bağlı Türkiyə təcrübəsini bölüşüb.

Müzakirə zamanı Komitə sədri Hicran Hüseynova hazırda Azərbaycan qadınının cəmiyyətdə yüksək yer tutduğunu qeyd edərək bildirib ki, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir.

Hicran Hüseynova Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərarqəbuletmədə təmsilçiliyinin artırılması, qadınların iqtisadi fəallığının gücləndirilməsi və digər sahələrdə aparılan mühüm işləri diqqətə çatdırıb.