Uşaqlar üçün Şamaxıda yay düşərgəsi təşkil olunub

30 июля 2019

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkil etdiyi 10 günlük yay düşərgəsinə 29 iyul 2019-cu il tarixində start verilib.

Düşərgə Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən istirahət mərkəzində təşkil olunub. Burada xüsusilə aztəminatlı ailələrdən olan 6-16 yaş arasında 40 uşaq iştirak edir. Düşərgənin ilk günündə tanışlıq və düşərgə zamanı təşkli ediləcək fəaliyyətlər haqqında ümumi məlumat verilib. Uşaqlar qruplara bölünərək düşərgədə qrup rəhbərlərinin nəzarəti altında yerləşdirilib.

Təlimin ikinci günündə uşaqlara ”Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirilib. Mövzu ilə bağlı uşaqlarla qrup işləri və aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Həmçinin, düşərgə zamanı uşaqların günlük fəaliyyətlərinin səmərəli təşkili üçün müxtəlif əyləncəli oyunlar, yarışmalar keçirilib.

Qeyd edək ki, yay düşərgəsi zamanı uşaqlara uşaq hüquqları, asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi,  ətraf mühitin mühafizəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, uşaqların internet təhlükəsizliyi, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafı, uşaqlar üçün həyati bacarıqlar mövzularında təlimlərin keçirilməsi, uşaqların Şamaxı rayonunun müxtəlif yerlərinə ekskursiyasının  təşkili nəzərdə tutulur.

Düşərgə zamanı iştirakçıların təhlükəsizliyinin təmin olunması və sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülmüşdür.