“Mən həyatı seçirəm” adlı layihə çərçivəsində Şirvan şəhərində və Hacıqabul rayonunda tədbir keçirilib

4 ноября 2016

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, QİÇS, siqaret) qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılması məqsədilə həyata keçirilən “Mən həyatı seçirəm” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunub.

3 noyabr 2016-cı il tarixində Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyası (YAP) şəhər təşkilatının qərargahında gənclərin, yeniyetmələrin və şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə erkən nikah, qan qohumluğu, ziyanlı vərdişlərin yaratdığı fəsadlar, sağlam həyat tərzinin formalaşdırılması, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti və s. məsələlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan şəhər İH-i başçısının müavini Elmira Ağayeva ilk öncə bütün tədbir iştirakçılarını salamlayıb və bu tip maarifəndirmə tədbirlərinə şəhər əhalisi tərəfindən olan marağı vurğulayıb. Komitə ilə birgə uğurlu əməkdaşlıqdan söz açan E.Ağayeva, gənc və yeniyetmələri aktiv olmağa, onları maraqlandıran sualları müzakirələr zamanı səsləndirməyə çağırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışı zamanı bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq formalaşdırılması və inkişafı, ailə münasibətlərini tənzimləyən bir sıra normativ hüquqi aktların qəbulu ölkəmizdə sağlam ailələrin formalaşmasında vacib rol oynayıb. Respublikamızda ailə, qadın və uşaq məsələləri və bu 3 istiqaməti əhatə edən mövzularla bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan və strategiyalardan söhbət açan A.Sofiyeva, bütün məsələlərin həllində birbaşa cəmiyyətin, əhalinin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Tədbirdə təhsil işçisi Akşin Əsgərov, Polis şöbəsinin məsul nümayəndəsi Əvəz İmanov, Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, din xadimi Əvəz Mehrəliyev, Gənclər və İdman İdarəsinin nümayəndəsi Əfqan Həsənov, gənc nəslin nümayəndəsi Yusif Poladov çıxış ediblər. Çıxışlar zamanı tədbir iştirakçılarına qeyd olunan mövzularla bağlı Şirvan şəhərində mövcud vəziyyət barədə məlumat verilib.

3 noyabr 2016-cı il tarixində Hacıqabul RİH-i ilə birgə Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Hacıqabul RİH-i başçısının müavini Zeynab Yunusova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, təhsil işçisi İlqarə Muxtarova, Polis şöbəsinin məsul nümayəndəsi Ziya Yolçuyev, Ağsaqqallar Şurasının sədri Əlhəsən Əlhəsənov, din xadimi Həsrət Şıxəliyev, Gənclər və İdman İdarəsinin nümayəndəsi Saleh Ələsgərov, gənc nəslin nümayəndəsi Gilas Mehdiyeva çıxış ediblər. Çıxışlar zamanı milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb, sağlam həyat tərzinin təbliğindən, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, QİÇS, siqaret) qarşı mübarizənin gücləndirilməsindən, xüsusilə narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu fəsadlardan da söz açılıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün, xüsusilə gənclərin daha fəal rol oynamasının zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlər zamanı “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş olunub. Sonda Şirvan şəhər və Hacıqabul rayon İcra Hakimiyyətlərinə Komitə tərəfindən hazırlanmış çap materialları və maarifləndirmə vəsaitləri təqdim olunub.