“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” mövzusunda konfrans keçiriləcək
Поделиться:
23 may 2019-cu il tarixində, saat 09:30-da Boulevard Hotel, “Taghiyev Ballroom” zalında BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqatın hesabatının təqdimat mərasimi keçiriləcək. Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıqda (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayevin və digər şəxslərin çıxışı nəzərdə tutulmuşdur.
Daha sonra hesabatın müəllifi iqtisad üzrə fəlsəfə doktoru Qanna Qerasimenko çıxış edərək, tədqiqatın metodologiyasının üstünlüklərinin qadınlara qarşı zorakılığın potensial xərclərinin aydın incələnməsi, konkret qabaqlayıcı və cavab xidmətlərinin xərclərinin hesablanması və yekun nəticələrinin simulyasiya modeli çərçivəsində cəmləndiyi məsələsinə toxunacaqdır.
Qeyd edək ki, hesabatda zərərçəkənlərin aldıqları xəsarətləri və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə, qadın əhali arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub. Əlavə məlumatlar toplamaq üçün yerli səhiyyə işçiləri və sosial işçilər, polis əməkdaşları və hakimlər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yardımçı QHT-lərin nümayəndələri ilə fokus qrupu müzakirələri aparılıb. Yerli ekspertlərlə və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətlərinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə tədqiqatın strukturu və yanaşmaları təsdiqlənib. Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən qarşıladıqları xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.