Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2009-cu ildən etibarən hər il Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsi keçirir. Müsabiqə tələbələr və gənc jurnalistlər arasında keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.
Bu il müsabiqə aprel ayı ərzində Quba-Qusar regionunda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonları) “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilib.
Müsabiqə Rayon İcra Hakimiyyətləri tərəfindən keçirilib və hər rayon üzrə 1-ci, 2-ci, 3-cü yerlər müəyyən edilərək Komitəyə göndərilib. Komitə tərəfindən 5 rayondan daxil olan inşa yazıları içərisindən region üzrə 1-ci, 2-ci, 3-cü yerlər müəyyənləşdirilib.
Müsabiqənin yekunlarına həsr olunmuş tədbir 6 may 2019-cu il tarixində Xaçmaz rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Tədbirdə Xaçmaz rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kompozisiya təqdim edəcəklər.
Tədbirdə müsabiqə qalibləri mükafatlandırılacaq.