On milyonuncu Azərbaycan Respublikası vətəndaşının doğulması münasibəti ilə tədbirlər keçirilib
Поделиться:
On milyonuncu Azərbaycan Respublikası vətəndaşının doğulması münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Zərdab, Saatlı, Sabirabad, Qəbələ, Zaqatala, İsmayıllı, Ağdam, Göygöl, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək mərkəzləri silsilə tədbirlər həyata keçirirlər.
Goranboy rayonu 1 saylı tam orta məktəbdə, Sabirabad 1 saylı uşaq baxçasında və Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “Ailənin qurulması, qorunması və ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 10 000 000-cu vətəndaşın şərəfinə ağacəkmə aksiyası keçirib və rayonun Bayraq Meydanı ərazisində, İmamqulubəyli yüksəkliyində yüz ədəd ağac əkilib.
Tədbirlərdə qeyd edilib ki, ailə kiçik dövlətdir. Sədaqət, məhəbbət, birlik, zəhmətkeşlik kimi məfhumlar Azərbaycan ailəsinin bünövrəsini təşkil edir. Çıxış edənlər Ulu Öndərin sözlərini yada salıblar: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası və uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur.”