“Engaging families in Public Libraries”

16 ноября 2018

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə keçirilən “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində 15 noyabr 2018-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə  tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən M.F.Axundov adına Milli Kitabxananın direktoru
Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq, layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib.
Kitaba və mütaliəyə sevginin ailədən gəldiyini bildirən K.Tahirov Milli Kitabxana nəzdində formalaşdırılan ilk Ailə klubunun bu baxımdan əhəmiyyətli olacağını vurğulayıb. O, Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyini söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Aynur Sofiyeva aparılan davamlı və məqsədyönlü siyasətin bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib.

“Ailəliklə kitabxanaya” layihəsinin bu istiqamətdə yeni layihə olduğunu bildirən
Aynur Sofiyeva layihənin əsas məqsədlərinin cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği, həmçinin mütaliə vasitəsilə asudə vaxtın səmərəli nizamlanması olduğunu bildirib. Aynur Sofiyeva Milli Kitabxana nəzdində formalaşdırılan ilk Ailə klubu barədə məlumat verərək layihənin eyni zamanda ailə münasibətlərinin, ailə bağlarının möhkəmləndirilməsi isitqamətində də böyük rolunun olacağını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihə çərçivəsində həyata keçirilən müsabiqə barədə məlumat verərək mənəvi dəyərlərin qorunması istiqamətində bir sıra işlərin görüldüyünü vurğulayıb. Eyni zamanda, Bilik Fondu tərəfindən də müxtəlif layihələrin həyata keçirildiyini bildirib və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın əhəmiyyətinin xüsusi rolunun olacağını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulayıb və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışıb.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı kitaba, mütaliəyə sevginin ailədən gəldiyini söyləyib, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq layihəni dəstəklədiyini bildirib.

AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, əməkdar jurnalist Flora Xəlilzadə,  Modern, inkişaf, ailə
ictimai birliyinin sədri Zərifə Quliyeva, “Sağlam həyat naminə” ictimai birliyinin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, eləcə də “Azərbaycan Uşaqlarının IV forumu”nun gənc iştirakçı Eldar Qafarov layihənin əhəmiyyəti barədə çıxışlar ediblər.

Tədbirin yekununda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində keçirilən “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsinin qalibi olan Həsənzadələr ailəsinə və “Uğura gedən yolda nümunəvi fəaliyyətinə görə” Nərmin Quliyevaya diplom, hədiyyə və
layihənin rəmzi olan ailə klubu kartları təqdim edib.

Sonda tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olublar.