Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsveçrədə bir sıra görüşlər keçirib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsveçrə Konfederasiyasında səfərdədir.
Səfər çərçivəsində Komitə sədri İsveçrədə bir sıra görüşlər keçirib. 10 oktyabr 2018-ci il tarixində Bern şəhərində İsveçrənin Federal Sosial Sığorta Ofisinin rəhbəri Bruno Parnisari və Federal Gender Bərabərliyi Ofisinin direktoru xanım Silvie Durer ilə görüşüb.
Görüşdə, həmçinin, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova, Beynəlxalq təşkilatlar üzrə sektor müdiri xanım Klaudina Masketta, Beynəlxalq təşkilatlar üzrə sektorun əməkdaşı xanım Lilian Probst, Uşaq və gənclərin problemləri üzrə sektorun əməkdaşı xanım Mişel Jenni də iştirak edib.
Görüş zamanı xanım Silvie Durer Federal Ofis haqqında ətraflı məlumat verərək bildirib ki, Ofis, əsasən, qadın və kişilərin əmək haqlarının bərabərləşdirilməsi, məişət zorakılığının qarşısının alınması, gender bərabərliyinin hüquqi cəhətdən təmin olunması istiqamətlərində fəaliyyət göstərir. Xanım S.Durer, həmçinin, Federal Ofis tərəfindən hüquq mühafizə orqanları əməkdaşlarına təlimlərin keçirildiyini, həmin təlimlərdə məişət zorakılığına məruz qalmış insanlarla düzgün rəftar edilməsinin tədris olunduğunu bildirmişdir. Habelə o, məişət zorakılığının qadınlarla yanaşı uşaqlar üçün də böyük zərbə olduğunu qeyd edib. Bununla əlaqədar olaraq, məişət zorakılığının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədqiqatların aparıldığını söyləyib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib. O, bildirib ki, ölkəmizdə qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatlar aparılır. Eyni zamanda, Azərbaycanda ailə planlaşdırılması siyasəti, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verib və bu məsələlərin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğu bildirib.
Bundan başqa, görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib və ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu bildirilib. Bu münaqişənin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, o cümlədən qadınlara yaşatdığı iztirablar, yaratdığı problemlərdən bəhs olunub. Qeyd edilib ki, onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir.
Daha sonra İsveçrədə ailə siyasəti, uşaq siyasəti və uşaq hüquqlarının müdafiəsi sistemi mövzularında təqdimatlar nümayiş etdirilib. Bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.
Sonra İsveçrənin Firburq Universitetində xanım Hicran Hüseynovanın mühazirəsi dinlənilib və fransız yazıçı Jan Lui Quronun “Keçmişin qadınları” və “Bugünün qadınları” adlı ilk cildlik “Azərbaycan qadınları” kitabının təqdimat mərasimi keçirilib.