Nyu Yorkda “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi tərəfdaşlıq yolu ilə dəyişmənin katalizatoru kimi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

3 октября 2018

Поделиться:

BMT Baş Assambleyasının hazırda keçirilən 73-cü sessiyası çərçivəsində cari ilin 3 oktyabr 2018-ci il tarixində Nyu Yorkda BMT Baş Qərargahında Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Azərbaycanın Daimi Nümayəndəliyi ilə birgə "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi tərəfdaşlıq vasitəsilə dəyişikliyin katalizatoru kimi" mövzusunda yüksək səviyyəli dəyirmi masa təşkil edilib.

Tədbirin Belarus tərəfi və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (DESA) tərəfindən hazırlanmış konsepsiya qeydində dəyirmi masa çərçivəsində aşağıdakı mövzuların müzakirəsi baş tutub: dayanıqlı inkişafın təmin edilməsi prosesində ölkələrin üzləşdiyi çətinliklər; daha yaxşı nəticələrin əldə edilməsi üçün zəruri olan yeni yanaşmalar; yeni yanaşmalar və vasitələrin (tools) uyğunlaşdınlması.

Tədbiri giriş sözu ilə BMT-nin İqtisadi inkişaf üzrə baş katibinin köməkçisi və baş iqtisadçı Elliot Harris açıb. Daha sonra Belarus Respublikasının Xarici işlər naziri Vladimir Makei və Rusiyanın BMT daimi nümayəndəsi  Vasiliy Nebenzia  bu sahədə öz ölkələrində həyata keçirilən tədbrilər haqqında məlumatlar verib.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyi barədə ətraflı məlumat verib. O, bildirib ki, ölkəmizdə qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatlar aparılır. Komitə sədri qeyd edib: “Azərbaycanda mütəmadi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclasları keçirilmiş, Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi və sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların DİM-lərlə uyğunlaşdırması prosesi davam etdirilir. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi prosesi üçün müxtəlif qruplarla görüşlərin, simpoziumların, konfransların keçirilməsi üçün tədbirlər təşkil olunub. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) təşkilatçılığı ilə Yüksək Səviyyəli Forum üçün 2017-ci il üzrə Könüllü Milli Hesabatların hazırlanması prosesinə dəstək göstərilməsinə dair 44 ölkə və BMT-nin müxtəlif qurumlarının iştirakı ilə konfrans keçirilmiş və Azərbaycan tərəfi həmsədrlərdən biri olmuşdur. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu”, “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsil dünyanı dəyişə bilər”, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” ,“Dayanıqlı İnkişaf Məqsədləri: Qadın və İnkişaf”mövzusunda tədbirlər keçirilib. 2030-cu il Gündəliyinin uğurlu icrası, ictimai maarifləndirmənin aparılması və milli, regional və yerli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, biznes sektoru və kütləvi informasiya vasitələrinin səfərbər edilməsi məqsədilə Azərbaycan Hökuməti və BMT-nin Azərbaycandakı ofisi tərəfindən 2017-2018-ci illəri əhatə edən Azərbaycan üçün DİM-lər üzrə Kampaniya Strategiyası hazırlanmışdır”.  

Həmçinin Komitə sədri cari ilin 25-26 oktyabr tarixlərində  Bakıda baş tutacaq Dayanıqlı İnkişaf üzrə Bakı Forumu barədə ətraflı məlumat verərək, DİM-lərə cavabdeh olan yüksək səviyyəli şəxslərin və beynəlxalq ekspertlərin orada iştirak etməyə dəvət edib.

Sözügedən toplantıda BMT Baş katibinin 1-ci müavini Amina Mohammed, BMT baş katibinin müavini və DESA-nın rəhbəri Liu Zhenmin, BMT İnkişaf Proqramının rəhbəri Achim Steiner və professor Jeffrey Sachsın çıxış ediblər.

İclasın  gündəliyində olan  mövzulardan biri 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkənin nümayəndələrinin qadınların iqtisadi imkanlarının genişləndirilməsi  və gender bərabərliyinin təmin edilməsi ilə bağlı  həyata  keçirilən  siyasətlər haqqında  müzakirələr aparılmışdır. Dayanaqlı İnkişaf Məqsədlərinin   Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini  artırmaqla bağlı olan 5-ci  məqsədində 2030-cu ilədək bütün qızların və  qadınların bütün sahələrdə bərabərliyinin təmin edilməsi hədəfə alınıb.