“Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirildi

27 сентября 2018

Поделиться:

27 sentyabr 2018-ci il tarixində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Naizirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Rusiya-Ərəb Biznes Şurasının direktoru, "Biznes Qadınları" Ümumrusiya İctimai Təşkilatının sədri Gvilava Tatyana Aleksandrovnanın moderatorluğu ilə keçirilib.

Dəyirmi masada Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar qadınlar iştirak ediblər.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilk növbədə iştirakçıları və Rusiyadan gələn qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanın  Rusiya Federasiyasının, eləcə də qonşu ölkələrin qadınları, qadın təşkilatları ilə çox mehriban münasibətləri var. 2015 və 2018-ci illərdə  keçirilən  Avrasiya Qadın Forumlarında aktiv iştirak olunub. Bu ilin iyulun 27-də Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb.  Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Hicran Hüseynova bildirib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın  daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaratmışdır.  Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, cənab Prezident  İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına  çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi  köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”

O qeyd edib ki, əsas məsələlərdən biri də kiçik və orta sahibkarlıq fəaliyyətinə başlayan qadınlar üçün müəyyən  mexanizmlərin hazırlanmasıdır: “Qadınlar peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.  Qadın Resurs Mərkəzlərinin fəaliyyəti buna əyani misaldır. Burada maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Bildirilib ki, “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi davam edir. Bu layihə əsasında yüzlərlə qadın öz biznes fəaliyyətinə başlayıb. Sahibkarlığın, xüsusi ilə, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, eləcə də, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin  açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır.

 

"Biznes Qadınları" Ümumrusiya İctimai Təşkilatının sədri Gvilava Tatyana Aleksandrovna bugünku mühüm tədbirində təşkil edilməsindən mənmunluğunu ifadə edərək bildirib ki, Forum Azərbaycan və Rusiya arasında əməkdaşlığın gücləndirilməsinə öz mühüm töhfəsini verəcəkdir. O qeyd edib ki, Rusiyada da qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Gvilava Tatyana Aleksandrovna Rusiyada qadınların iştirakı ilə əhəmiyyətli nailiyyətlər əldə edilmiş biznes sektorları haqqında ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, qadınların sahibkarlıq obyektlərinə müntəzəm cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir və biz çalışmalıyıq, bu istiqamətdə onlara dəstək olaq.

Daha sonra çıxış edən Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, “Azərbaycanın 100 İşgüzar Qadınlar Klubu”nun sədri Tatyana Mikayılova, modelyer Fəxriyyə Xələfova, “Sağlam Həyat Naminə” İctiami Birliyinin sədri Sədaqət Hüseynova, BMT-nin "Qadınların sosial və iqtisadi həyatının inkişafına dəstək" layihəsinin rəhbəri Gülarə Hümbətova və digərləri çıxış edərək, Azərbaycanda qadın sahibkarlığına göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıblar. Çıxışçılar bildiriblər ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün mühüm əlverişli şərait yaradılmış, qadınların sahibkarlığa fəal cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Qeyd edilib ki, Azərbaycanda qadınlar sahibkarlıq obyektlərində layiqincə təmsil olunur və gələcək fəaliyyətlərində nailiyyətlərin əldə olunmasına öz töhfələrini verirlər.

Stavropol diyarının iqtisadi inkişaf naziri Sizov Valeriy Nikolaeviç, Novqorod vilayətinin qubernatorunun birinci müavini Minina Veronika Vitalievna, SME Korporasiyası ASC-nin baş direktorun müavini Larionova Natalia İqorevna, rusiyalı dizayner Ulyana Sergeyenko Viktorovna və digərləri çıxış edərək, Rusiyada sahibkarlığın daha geniş müstəvidə yer alması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat veriblər. Qeyd edilib ki, federasiyada korporativ şirkətlərdə, eləcə də digər sahibkarlıq müəssisələrində qadınlar olduqca fəallıq göstərir, bütün müxtəlif sahələrdə qadınlara rast gəlmək mümkündür.

Tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı istiqamətində təklif və tövsiyələr səsləndirib.

Tədbirdən sonra xatirə fotosu çəkilib.