Ağdaşda məişət zorakılığı ilə ictimai fəallıq gücləndirilməsi istiqamətində tədbir keçirildi
Поделиться:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.
20-21 sentyabr 2018-ci il tarixdə layihə üzrə növbəti seminar Ağdaş rayonunda təşkil edildi. Ağdaş rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarda rayon və kənd məktəblərinin direktorları, müəllimləri, psixoloqları Yeni Azərbaycan Partiyasının üzvləri, mədəniyyət sahəsində çalışanlar, ağsaqqallar şürasının üzvləri, rayon ərazi nümayəndələri, sahə müvəkkilləri, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar və kənd ziyalıları iştirak edirdilər. Seminarı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açaraq layihə çərçivəsində növbəti seminarın Ağdaş rayonunda keçirildiyini bildirdi və layihənin əhəmiyyətindən bəhs etdi. O, Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verərək bildirdi ki, Ağdaş rayonunda məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq gücləndirilib və belə tədbirlərin kəndləri əhatə etməsi layihənin uğurudur. Seminarda məişət zorakılığı, erkən nikahlar, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və Komitənin Ailə, Qadın jurnalı metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabər hüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orederi və s. haqqında ətraflı məlumatlar verilmişdir.
Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.
Seminarlar zamanı həmçinin bəzi iştirakçılara onların xahişləri əsasında yerindəcə hüquqi məsləhətlər verildi.