Qarşılıqlı əməkdaşlıq çərçivəsində Həştərxanı təmsil edən nümayəndə heyəti ilə birgə qadın sahibkarlığının inkişafı barədə dəyirmi masa təşkil edildi

27 июля 2018

Поделиться:

İyulun 27-də Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təqdimatla çıxış edərək bildirib ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi,  dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin  edilməsi Azərbaycan Hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından  əhəmiyyətlidir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.

O qeyd edib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyəti fonunda ötən 26 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi ishalatlar aparmış və bu gün  dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir: “Son illər ərzində həyata keçirilən  davamlı və uğurlu siyasət öz müsbət tövfələrini vermişdir.  Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə artmaqdadır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun, və xüsusilə də sahibkarlığın  inkişafı bu artımı təmin edir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”

Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün Azərbaycan  qadınları cəmiyyətin bütün sahələrində təmsil olunurlar və ictimai cəhətdən fəaldırlar. Ölkədə  sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş əsaslı dəyişikliklər qadınların bu prosesdə rolunun atrmasına səbəb olmuşdur. Xüsusilə bu gün qadınlarımız texniki və maliyyə sahələrinə böyük maraq göstərirlər. Hicran Hüseynova qadınların müxtəlif sahələrdəki təmsilçiyi və fəallığı ilə əlaqədar statistik göstəriciləri diqqətə çatdırıb.

Qeyd edilib ki, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində  reallaşdırılan bir sıra layihələr nəticəsində şəhər və kənd yerlərində infrastrukturun inkişafı, uşaqların daha yaxşı təhsil alması, sağlamlığının möhkəmləndirilməsi, sosial və mənəvi mühitdə böyüməsi üçün etibarlı zəmin yaratmışdır. Bu proqram həmçinin aztəminatlı, imkansız ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün müxtəlif sahələrdə onların biznesə cəlb olunmalarını sürətləndirir.  Xüsusilə, qaçqın və məcburi köçkün qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17% idisə, 2018-ci ilin əvvəlinə bu göstərici 28%-ə çatmışdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.

“Komitəmiz tərəfindən bir sıra layihələr həyata keçirilir. Bunlardan biri də  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə  reallaşdırdığımız  “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsidir.  Artıq layihə çərçivəsində  5 rayonda onlarla qadın biznes fəaliyyətinə başlayıb. Və bu da, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə vəsaitlərinin əldə edilməsi, maliyyə-biznes sahəsində  bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır. Buna görə də qadınlar peşə hazırlığı kurslarına cəlb olunmalı, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bununla bağlı Komitə tərəfindən Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Xüsusilə,  kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, əsasən də banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir.Həmçinin, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən icmada risk qrupuna aid olan ailələrə, xüsusilə, qadınlara dəstək göstərilir, onlar üçün müvafiq mövzularda dəyirmi masalar, seminar- treninqlər, peşə kursları təşkil edilir.”-deyə Hicran Hüseynova əlavə edib. O, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılan “ABAD” publik hüquqi şəxs ABAD (Ailə Biznesinə Asan Dəstək) haqqında ətarflı məlumatları qonaqların diqqətinə çatdırıb.

Hicran Hüseynova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər. Dostluğun möhkəmlənməsində və Həştərxan vilayətində müxtəlif layihələrin həyata keçməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın rolunu da xüsusi qeyd etmək lazımdır.

Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina imzalayıb.

Həştərxan Vilayət Dumasının deputatı, “İşgüzar Qadınlar” Assosiyasiyasının üzvü İrina Brıntseva təqdimatla çıxış edərək, təmsil etdiyi Həştərxan vilayəti tərəfindən həyata keçirilən tədbirlər, reallaşdırılan geniş layihələr haqqında məlumat verib. O bildirib ki, Azərbaycanda sahibkar qadınların fəaliyyətləri bir çox dövlətlər üçün nümunədir. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan İrina Brıntseva qeyd edib ki, Həştərxan vilayətini Azərbaycan ilə sıx dostluq əlaqələri birləşdirir. Azərbaycanda ölkənin inkişafı üçün böyük işlər görülür. Sosial məsələlərə böyük diqqət ayrılır, Azərbaycanın bu təcrübəsini gələcək inkişaf üçün öyrənmək olar.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda qadın sahibkarlara ölkə rəhbərliyi tərəfindən geniş dəstək edilir və biz sahibkarlar bu dəstəyi hər zaman hiss edirik. Səkinə Babayeva

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, “Made in Azerbaijan” brendi altında bir çox tədbirlər keçiririk və bu tədbirlərdə sahibkar qadınlar fəal iştirak edirlər. Dövlətimiz tərəfindən qadın sahibkarlığın inkişafına yüksək qiymət verilir. Bu sahədə böyük islahatlar həyata keçirilir. Y.Abdullayev qeyd edib ki, iki ay bundan əvvəl Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılıb. Açılış çərçivəsində sərgi də təşkil edilib. Həmin sərgidə bir çox Azərbaycan şirkətlərinin məhsulları təqdim olunub.

Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina təqdimatla çıxış edərək, həyata keçirilən tədbirlər, layihələr, əldə olunan müsbət nəticələr barədə məlumatları diqqətə çatdırıb. O, Həştərxan vilayətində keçirilən sahibkar qadınların iştirakı ilə keçirilən forumlar, eləcə də evdar qadınların sahibkarlığa cəlb edilməsi üçün reallaşan layihələr haqqında ətraflı məlumat verdi.

Daha sonra Azərbaycan Mikromaliyyə Assosiyasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycanın 100 İşgüzar Qadınlar Klubunun sədri Tatyana Mikayılova, Salyan Resurs Mərkəzinin direktoru Sevda Quliyeva çıxış edərək, tədbirin məqsədindən danışıblar. Bildirilib ki, bu tədbirin məqsədi qadınlar arasında sahibkarlığın təşviqini təmin etməkdir. Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına böyük dəstək verir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.

Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, xarici qonaqlar 25-29 iyul tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərdədir.