“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində olan Maliyyə-İqtisad Kollecində keçirildi.
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə və Təhsil nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə növbəti tədbir 3 may 2018-ci il tarixində
saat 11:00 Təhsil nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil alan kollecin oğlan tələbələri üçün keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Murad Muradov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, ailələri narahat edən problemlər və onların həlli istiqamətində görülmüş işlərdən danışıb, eyni zamanda xüsusilə aktual olan ailə zorakılığı, erkən nikah, insan alveri, qan qohumluğunun fəsadları barəsində tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Hədəf” filminin nümayişi böyük diqqətlə izlənilib.
Sonra çıxış edən səhiyyə mütəxəssisi, həkim metodist, terapevt Teymur Hüseynov “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda təqdimatla çıxış edib. O, sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret), QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, reproduktiv sağlamlıq barəsində tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və Kollec tələbələrini maraqlandıran suallara cavab verilib. Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub.