Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir

23 апреля 2018

Поделиться:

23 aprel tarixində Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov “dəyirmi masa”nın çox əhəmiyyətli və aktual bir mövzuya həsr olunduğunu deyib. Bildirilib ki, bu il 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirilir. Bununla bağlı Dünya Əqli Mülkiyyət Təşkilatının açıqlamasında xüsusi qeyd olunur ki, qadınlarımızın səyləri nəticəsində hər gün həyatımızı zənginləşdirən və bilik sərhədlərimizi genişləndirən yeni ideyalar, faydalı kəşflər və ixtiralar əldə edilir. Yaradıcılıq sahələrində isə (kino, musiqi, ədəbiyyat, incəsənət, moda, dizayn və s.) qadınlar daim mədəniyyət konsepsiyasının özünü yenidən dərk edərək, bədii və yaradıcılıq ifadəsinin hüdudlarının axtarışı ilə bizi yeni dünyaların kəşf olunmasına və qavranılmasına sövq edirlər.

AXC-nin 100 illik yubileyi barədə danışan Kamran İmanov dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsindəki sözləri xatırladıb: “...Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır... Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

Bu il Beynəlxalq Əqli Mülkiyyət Gününün “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” devizi altında keçirildiyini, “dəyirmi masa”nın da bu mövzuya həsr olunduğunu söyləyən MHA İdarə Heyətinin sədri qeyd edib ki, bəşər kitabının mündəricatı qadınlardır. Dövlətimizin başçısı vurğulayıb ki, “çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, dövlət məmuru, görkəmli elm xadimi, iş adamı, xalqın inanıb səs verdiyi millət vəkilidir. İndi qadınlar elm və texnologiyalar sahəsinin fəal iştirakçılarıdırlar, innovasiya və yaradıcılıqla məşğul olan qadınların sayı ildən-ilə artmaqdadır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.

Xüsusilə qeyd etmək lazımdır ki, əqli mülkiyyətin qorunmasında dövlət siyasətimizin iki istiqaməti nəzərə çarpır: fərdi kreativliyi (müəlliflik, patent hüququ) və qrup kreativliyini (folklor, ənənəvi biliklər) stimullaşdırmaq, inkişaf etdirmək və qoruyub saxlamaq. Son 25 ildə əqli mülkiyyət fenomeni nəzərəçarpan dərəcədə inkişaf edib və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yeri dəyişdirilərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.

Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal

Kamran İmanov bildirib ki, qadınlar hər bir millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir. Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Bu da aydındır: yüksək savadlı qadın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməklə əmək bazarının rəqabətqabiliyyətliliyinin artmasına təkan verir, bu da iqtisadiyyatda müsbət əks-səda ilə nəticələnir. Bütün bunlar gender bərabərliyinin iqtisadi əhəmiyyətidir.

Tədbirdə Kamran İmanovun “Qadınlar innovasiya və yaradıcılıqda: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə elm və tədqiqat sahəsində gender pariteti və digər məsələlərlə bağlı geniş təhlillər təqdim olunub.

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu il ölkəmiz mühüm tarixi hadisələr yaşayır. Bu günlərdə keçirilən prezident seçkilərində xalqımız tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verərək İlham Əliyevi yenidən dövlət başçısı seçdi. Təkcə AXC-nin yaranması deyil, həm də qadınlarımızın seçib-seçilmək hüququnun 100 illiyini qeyd edən xalqımız, xüsusilə də qadınlarımız hər zaman olduğu kimi, bu seçkilərdə də fəallıq göstərdilər. Bununla da onlar sübut etdilər ki, hələ XX əsrin əvvəllərində bu hüququ əldə etməklə cəmiyyətimizin həyatında aparıcı qüvvədirlər.

Hicran Hüseynova qadınların ailə və cəmiyyətdəki aparıcı mövqeyindən, onların dövlət quruculuğunda fəal iştirakından danışıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadınlarımız əldə etdikləri uğurlara görə hər zaman Ulu Öndəri böyük hörmət hissi ilə yad edirlər. Bu gün isə həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daha da gücləndirilməsinin şahidiyik. Qəbul olunan bir sıra dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında qadınların rolunun artırılmasında böyük əhəmiyyət daşıyır. Dövlətimiz tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiqi üçün lazım olan şəraitin yaradılmasını nəzərdə tutur.

Hicran Hüseynova bildirib ki, UNESCO-nun 2013-cü il üçün hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçıların arasında qadınların xüsusi çəkisi daha çox olan ölkələr sırasındadır. 2016-cı ildə Dünya İqtisadi Forumunun metodikası əsasında gender bərabərsizliyi indeksi müəyyənləşdirilib. Bu indeks müxtəlif dəyişənlər üzrə qadınlar və kişilər arasındakı gender fərqinin səviyyəsini ölçür. Azərbaycan 144 ölkə arasında 86-cı yerdədir. Həmçinin 2007-ci ildən başlayaraq, ölkəmizdə Dövlət Statistika Komitəsinin məlumatları əsasında gender bərabərsizliyi indeksi hesablanır, ildən-ilə göstəricilərimiz müsbətə doğru irəliləyir.

Qeyd edilib ki, bu gün müstəqilliyinin 26-cı ilini yaşayan Azərbaycan istər iqtisadi, istərsə də elmi-texnoloji inkişaf baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Qadın peşəkarların fəaliyyəti cəmiyyətin dinamik və harmonik inkişafına təkan verir. Azərbaycan qadınları çətin sayılan neftçıxarma, kosmik tədqiqatlar, kibernetika, siyasi elmlər və digər sahələrdə uğurla çalışırlar. Ölkə rəhbərliyinin qayğısı qadınlarımızı elmi biliklərin yayılması sahəsində ardıcıl iş aparmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə təkcə Azərbaycan elmində deyil, dünya elmində izlər qoyublar. Tarixin bütün dövrlərində olduğu kimi, Azərbaycan qadınları bu gün də fəallığı, cəmiyyətin həyatına nüfuz etmələri ilə fərqlənirlər. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz layiqli yerlərini tutublar.

İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına MHA və AQUPDK-nın fəxri fərmanları təqdim edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davam etdirilib, ölkədə qadınların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün əlverişli mühitin daha da yaxşılaşdırılması, institusional və innovativ metodların tətbiqi istiqamətində bir sıra işlər görülüb. Bu səbəbdəndir ki, qadınlar ölkədə bütün dövlət qurumlarında, Milli Məclisdə, müxtəlif yerli və beynəlxalq təşkilatlarda, həmçinin biznes strukturlarında təmsil olunurlar.

Günay Əfəndiyeva bildirib ki, türk dünyasında, o cümlədən onun ayrılmaz hissəsi olan Azərbaycanda tarixboyu qadınlar mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilib, milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıblar. Qadının ictimai fəallıq tarixi çox rəngarəngdir. Ümumiyyətlə türkdilli dövlətlərdə qadınların xalq yaradıcılığına və yazılı ədəbiyyata gətirdikləri yeniliklər və innovasiyalar dünya mədəniyyətinə böyük töhfə verib, bu xalqların mütəfəkkirləri, yazıçıları, şairələri bəşəri uğurlar əldə ediblər. Müasir zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adını xüsusi qeyd etmək istərdim. Onun təşəbbüsləri, fəaliyyəti həm ölkə daxilində, həm beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında yaradıcı qadınların əməyinin beynəlxalq aləmdə təbliğ olunması, mühafizəsi və gələcək nəsillərə ötürülməsi istiqamətində bir sıra layihələr həyata keçirməkdədir. Türk dünyası qadın sənətkarlarının yaradıcılıq nümunələrinin beynəlxalq səviyyədə sərgilənməsi, ortaq köklərə məxsus türkdilli xalqlar arasındakı mövcud bağların möhkəmlənməsinə təsir edəcək. G.Əfəndiyeva “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı barədə də məlumat verib. Bildirib ki, bu kitab xarici ölkələrdə maraq doğurduğu üçün hazırda fond tərəfindən italyan dilinə tərcümə olunmaqdadır və yaxın zamanda nəşrin İtaliyada təqdimatı planlaşdırılır. Kitabın digər dillərə də tərcüməsi nəzərdə tutulub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, gender bərabərliyi əsas qanunumuzda, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda əksini tapıb, kişi və qadınların bərabər hüquqları təmin edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və bu qurumun səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə gender bərabərliyi ilə bağlı bir çox problemlər aradan qaldırılmaqdadır. Gender bərabərliyi hər bir cəmiyyətin inkişafı üçün çox böyük əhəmiyyətə malik mövzudur. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi o dövlətlərdə qadınların mövqeləri, qadınlara olan münasibət və gender bərabərliyinin səviyyəsi ilə ölçülür. Azərbaycanda 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun və digər qanunvericilik aktlarının qəbul olunması bu sahədə hüquqi baza yaradıb. Bunlar bərabərliyin təmin edilməsi istiqamətində dövlətin siyasi iradəsinin göstəricisidir.

Rektor diqqətə çatdırıb ki, gender bərabərliyinin təmin olunmasında təhsilin çox böyük rolu var. Maarifləndirmə və təhsil bu problemlərin tam həlli üçün vacib şərtlərdəndir. Qızların təhsilə cəlb olunmasi, ali məktəb tələbələri arasında onların faizinin artması müsbət meyillərdən xəbər verir. Bu gün ali məktəb tələbələrinin 48,2 faizini qızlar, ali təhsil müəssisələrində çalışanların 51,9 faizini isə qadınlar təşkil edir. Son beş ildə elmi tədqiqatlarla məşğul olan qadınların da sayı artıb. AzMİU-da beynəlxalq layihələrdə fəal iştirak edən qadın əməkdaşların və tələbə qızların sayı kişilərdən çoxdur. Universitetdə yeni iş formalarını və metodlarını tətbiq edən şöbələrə əsasən qadınlar rəhbərlik edirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva müasir dövrdə qadının cəmiyyətdə yeri və rolunun qiymətləndirilməsi meyarlarının məzmun və xarakterinin tamamilə yeniləndiyini söyləyib. Bildirilib ki, bu mənada ötən əsrdə inqilabi dəyişiklik edilərək qadının cəmiyyətdə mövqeyinə baxışı ənənəvi stereotiplərdən tamamilə azad olunub. Bu gün yüz illik yubileyini qeyd etdiyimiz AXC-nin ən önəmli və taleyüklü qərarlarından biri də müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi olub. Bu, sonralar Azərbaycan cəmiyyətində qadınların potensialına yol açmaq idi. Çox az müddətdə qadınlarımız mədəniyyət və incəsənət sahəsində aparıcı mövqelər qazana bildilər. Rektor diqqətə çatdırıb ki, ADMİU-da çalışan müəllimlərin yarıdan çoxunu qadınlar təşkil edir. Universitetdə tələbə qızların sayı da oğlanlardan çoxdur. Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında, sülhsevər, tolerant, multikultural ölkə kimi tanıdılmasında qadın mədəniyyət və incəsənət xadimlərimizin rolu olduqca böyükdür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova deyib ki, AMEA dövlətin əsas elmi tədqiqat mərkəzi kimi xarici ölkələr və beynəlxalq təşkilatlarla fəal əlaqələr yaradır. Müasir dövrdə insan kapitalının formalaşmasında AMEA çox böyük rol oynayır. Güclü fundamental elmi bazanı əldə etmək üçün yüksək potensialı olan kadrların yetişməsinə ehtiyac var. Bu elmi kadrların arasında qadınlar xüsusi yerə və rola malikdirlər.

Nərgiz Axundova qeyd edib ki, AMEA-da çalışanların 59 faizini qadınlar təşkil edir. Akademiyada yaradılan bir neçə yeni elmi-tədqiqat institutuna qadın alimlərimiz rəhbərlik edirlər. Qadın alimlərimizin məqalələri bir sıra nüfuzlu jurnallarda nəşr edilir, onlar, həmçinin beynəlxalq təşkilatlarda, layihələrdə təmsil olunurlar.

Digər alim və mütəxəssislər də mövzuya dair məruzələrlə çıxış edib, müzakirələrə qatılıblar.