“Sağlamlığın təməli olan Ana südü ilə qidalandırma vərdişinin təbliği” mövzusunda Bakı Humanitar Kollecində tədbir keçirilmişdir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən respublikamızın şəhər və rayonlarında yerləşən təhsil ocaqlarında gənc və yeniyetmələrin reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, ailə planlaşdırılması, ana və uşaqın sağlamlığının qorunması və digər mövzular ətrafında maarifləndirilməsi istiqamətində növbəti tədbir 15 mart 2018-ci il tarixində saat 11:00-da Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə Təhsil nazirliyinin tabeliyində olan Bakı Humanitar Kollecində təhsil alan kollecin qiz tələbələri üçün keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı Humanitar Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Afaq Əliyeva tədbir iştirakçılarını salamlamış, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirmiş və tədbirin vacibliyini vurğulamışdır.
Daha sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək, tədbir iştirakçılarına dövlət ailə siyasətinin əsas istiqamətlərindən, ailə institutunun möhkəmləndirilməsi istiqamətində Komitənin fəaliyyətindən, qadın və uşaq problemlərinin həlli məqsədilə görülən işlərdən məlumat vermişdir. Azərbaycan xalqına mənsub milli-mənəvi dəyərlərin qorunması , ailə həyatı qurarkən diqqətli olmağın hər bir gəncin qarşısında duran əsas məsələ olduğunu bildirmiş, nikahdan əvvəl tibbi müayinənin vacibliyini vurğulamışdır.
Daha sonra Azərbaycan Ailəsi Film Festivalına təqdim olunan “Xoşbəxtliyin açarı” və “Ailə bir ağacdır” filmlərinin nümayişi böyük diqqətlə izlənilmişdir.
Çıxış edən həkim-metodist, pediatr Şəhla Mirzəzadə “Sağlamlığın təməli olan Ana südü ilə qidalandırma vərdişinin təbliği” mövzusunda təqdimatla çıxış etmişdir.
O, ana südünün əhəmiyyəti, ana südünün tərkibi, ana südünün verilməsinə göstəriş və əks göstərişləri, ana südünün körpə və qadın orqanizm üşün faydaları, onun tərkibinin müqayisəli təhlili, ana südü ilə qidalanmamaq nəticəsində yaranan xəstəliklər və ana südünün artırılması üçün göstərişlər, qadın orqanizminin hamiləlik dövründə hazırlanması, süd vəzinin yoxlanılması barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir.
Tədbir iştirakçılarına maarifləndirmə materialları təqdim olunmuşdur.