Hicran Hüseynova: “Vaxt itkisi olmadan internetdən istifadə etməklə istənilən məlumatı əldə etmək mümkündür”

26 сентября 2015

Поделиться:

“Müasir dünyanı İKT-siz təsəvvür etmək mümkün deyil. Hətta bir çox hallarda yaşadığımız dövrü informasiya əsri də adlandırırlar. Hazırda İKT insanın gündəlik həyat tərzinin əsas elementlərindən birini təşkil edir. Şübhəsiz ki, ölkəmiz də bu prosesdən kənarda qalmır”.

Bu fikirləri “Rabitə dünyası”na verdiyi eksklüziv müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri bildirib ki, respublikamızda İKT sahəsində geniş fəaliyyətlərə ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə qəbul edilən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ilə başlanılıb. Milli Strategiyanın əsas məqsədinin İKT-dən geniş istifadə olunmaqla, ölkənin demokratik inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etmək olduğunu xatırladan H.Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin İKT istiqamətində imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkədə informasiya cəmiyyətinə keçid yeni mərhələyə qədəm qoyub:

- Cənab prezidentin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamları ilə ölkədə İKT sahəsində mühüm və əhəmiyyətli bir infrastruktur formalaşdırılmışdır. Hazırda müvafiq proqramlar çərçivəsində dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artıran, əhaliyə və özəl qurumlara keyfiyyətli informasiya xidmətləri göstərən “Elektron hökumət”in tam fəaliyyətləndirilməsi istiqamətində işlər davam etdirilir. İnsan hüquqlarının təbliğ və müdafiə olunmasında İKT-nin böyük rolu vardır. Onun əsas funksiyalarından biri faydalılıqdır ki, bu gün istənilən yaşda və sosial təbəqədə olan hər bir kəs evdən kənara çıxmadan bilik və informasiya əldə edir, öyrənir.

Bildiyiniz kimi, Komitə ailə, qadın və uşaq istiqamətində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin başlıca vəzifəsi dövlət ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının, azadlıqlarının, xüsusilə, uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Əlbəttə ki, Komitə fəaliyyətinin daha operativ və şəffaf təşkili istiqamətində İKT resurslarından geniş yararlanır.

“E-xidmətlər hüquqların müdafiəsinə istiqamətləndirilib”

Hicran xanım, sədri olduğunuz komitə öz fəaliyyətində İKT vasitələrindən hansı səviyyədə istifadə edir?

Məlumat üçün bildirim ki, digər dövlət qurumları kimi, Komitəmiz İKT-dən həm lokal, həm də qlobal şəkildə istifadə edir. Bizim məqsədimiz İKT meyarları ilə xidmət göstərməkdir. Bunun əsasında nə dayanır? İlk növbədə vətəndaş Komitə ilə bağlı tədbirlər və bütün informasiyalara rahat şəkildə giriş imkanı əldə etməlidir. Bunun üçün 2008-ci ildə Komitənin rəsmi veb-saytı – “www.scfwca.gov.az” yaranıb. Saytda komitənin xəbərləri, keçirilən tədbirlər, statistika, təhlillər, beynəlxalq əməkdaşlıq haqqında məlumatlar Azərbaycan, rus və ingilis dillərində hazırlanır və mütəmadi olaraq sayta yerləşdirilir. Vətəndaş yalnız informasiya almır, o həm də bu və ya digər məsələyə öz münasibətini bildirir. Digər bir məqam isə şəffaflığın təmin olunmasıdır. Komitənin bütün fəaliyyəti, ailə, qadın və uşaq məsələləri ilə bağlı qəbul edilmiş qanunvericilik aktları və kollegiyanın qərarları müntəzəm olaraq təkmilləşdirilərək cəmiyyətə onlayn formada təqdim edilir. Vətəndaşlarla ünsiyyətin qurulmasında effektivliyin və səmərəliliyin artırılması üçün onlayn müraciətlər təşkil olunur. 2013-cü ildə Komitənin “Facebook” səhifəsi yaradılıb.

Burada biz fəaliyyətimiz, tədbirlərimiz barədə məlumatları paylaşırıq. Vətəndaşlar sosial şəbəkə vasitəsilə bizə öz suallarını ünvanlayırlar. Operativ şəkildə hər birinin sualları əməkdaşlar tərəfindən cavablandırılır. Bu günə kimi “Facebook” və sayt vasitəsilə yarım milyondan çox vətəndaş istifadə edib. Minlərlə insana hüquqi, psixoloji və digər formalardan yardım göstərilib, dəstək verilib.

Komitənin rəsmi internet səhifəsində “Ölkələrarası övladlığa götürmək üçün müraciətin və sənədlərin qəbulu” və “Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi” elektron xidmətləri yerləşdirilərək vətəndaşlara təqdim edilir (http://scfwca.gov.az/). Bu xidmətlər uşaq hüquqlarının müdafiəsinə istiqamətləndirilib. Övladlığa götürmə uşağın gələcək həyatı ilə birbaşa bağlı olan məsələ olduğu üçün fərdi yanaşma tələb edir. Ona görə də hər bir müraciətə fərdi şəkildə baxılır, araşdırılır. Bu istiqamətdə təkmilləşdirmə prosedurları davam etdirilir. Eyni zamanda, respublikanın 11 regionunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərini birləşdirən elektron məlumat bazası yaradılmışdır. Bu məlumat bazasında vətəndaşların müraciətləri yığılır, statistika aparılır və təhlillər əsasında fəaliyyət istiqamətləri seçilir. Bundan başqa region üzrə nisbətən aktuallıq kəsb edən məsələlərlə bağlı məlumatlandırıcı və maarifləndirici tədbirlər keçirilir. Mərkəzdə çalışan əməkdaşların kadr hazırlığının daha da gücləndirilməsi üçün videoçarxlar, spesifik təlimatlar hazırlanaraq elektron formada sayta yerləşdirilir.

“Hər bir ailə evinə internet çəkdirir və bu da uşaqların informasiya texnologiyalarından daha rahat şəkildə istifadəsinə gətirib çıxarır”

Bu gün Azərbaycan ailələrində böyüyən uşaqların inkişafında internetin rolunu necə qiymətləndirirsiniz?

Danılmaz faktdır ki, informasiya-kommunikasiya texnologiyalarının müasir dövrdə geniş şəkildə tətbiq edilməsi və yüksək sürətlə yayılması uşaqların da internetdən istifadəsinə təsir edir. Və əvvəlki illərlə müqayisədə indi uşaqlar demək olar ki, internetdən tez-tez istifadə edirlər. Bu, onların həyatının ayrılmaz hissəsinə çevrilib. Hər bir ailə evinə internet çəkdirir və bu da uşaqların informasiya texnologiyalarından daha rahat şəkildə istifadəsinə gətirib çıxarır. İnternetin uşaqlara müsbət təsirləri olduğu kimi, həm də zərərli təsirləri özünü göstərməkdədir. Müsbət təsir ondan ibarətdir ki, vaxt itkisi olmadan internetdən istifadə etməklə istənilən məlumatı əldə etmək mümkündür. Amma təbii ki, hər şey ifrata varmadan istifadə olunmalıdır. Çünki bu, ilk növbədə internet asılılığına səbəb olur. Bu məsələdə əsas məsuliyyət valideynin üzərinə düşür. Bir yandan onu da qeyd etməliyik ki, internetdə yayılan bəzi zərərli informasiyalar və videolar uşaqların tərbiyəvi, həmçinin vətənpərvər ruhda böyüməsinə mənfi təsir göstərir. Həddindən artıq istifadə onlarda milli-mənəvi dəyərlərə marağın azalmasına və bu dəyərləri mənimsəməsinə maneə törədir. Həmçinin informasiya məkanında pornoqrafiyanı, terrorizmi, dini, milli ayrı-seçkiliyi, müxtəlif sektalara cəlb olunmasını təbliğ edən informasiyalar da uşaqların inkişafına mənfi təsir göstərir. Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, evdə interneti olmayan, yaxud valideynin qadağasına baxmayaraq internet klublara üz tutan uşaqlara da rast gəlinir. Daha çox müxtəlif əyləncəli oyunlara meyilli olan uşaqlar internet klublarda zaman keçirirlər. Bu tip xüsusiyyəti olan uşaqlara daha çox nəzarət olunmalıdır. İnternetdən necə, harada, hansı məqamlarda istifadə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da bu kimi sualların tərəddüd edilmədən cavablandırılması üçün maarifləndirmə layihələri mütəmadi olaraq keçirilməlidir.

“Uşaqların internetdən, informasiya texnologiyalarından düzgün istifadəsini aşılayan İKT layihələri həyata keçirilir”

Uşaqların inkişafı baxımından İKT layihələrinin həyata keçirilməsini vacib hesab edirsiniz?

İnformasiya-kommunikasiya texnologiyası dedikdə ilk növbədə biz, informasiyanın sürətlə ötürülməsi və insanlar tərəfindən asan şəkildə mənimsənilməsini nəzərdə tuturuq. Lakin insanların, xüsusilə də uşaqların internetdən düzgün və təhlükəsiz istifadəsi məsələsini unutmaq olmaz. Bu gün ölkənin hər bir sahəsində informasiya texnologiyalarından, demək olar ki, hər addımda istifadə olunur və bu sahədə ciddi addımlar atılır. Uşaqların internetdən, informasiya texnologiyalarından düzgün istifadəsini aşılayan İKT layihələri həyata keçirilir. Bu sahədə ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi olaraq qeyd olunub vurğulanmalıdır. Fondun təşkilatçılığı ilə (2010-cu ildə) Bakıda “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Fond BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”nə dair layihə çərçivəsində Nərimanov rayonundakı görmə qüsuru olan uşaqlar üçün Respublika internat məktəbində müvafiq mərkəz yaradılıb. Məhdud Fiziki İmkanlı İnsanlar üçün Yevlax, Gəncə və Naxçıvan Regional İnformasiya Mərkəzləri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə 2005-ci ildə Fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan “Azərbaycan” portalı yaradılıb. O cümlədən, bir çox məktəblər kompüterlərlə təmin olunur, uşaqların bacarıqlarının inkişafı üçün informatika fənni üzrə yerli və beynəlxalq səviyyəli olimpiadalar təşkil olunur və s.

“Hesab etmirəm ki, sosial şəbəkələr ailələrin dağılmasına o qədər də güclü təsir etsin”

Hazırda cəmiyyətdə dolaşan məlumatlara görə, həm sosial şəbəkələrdə tanış olub ailə quranların, eləcə də sosial şəbəkələrə görə dağılan ailələrin sayında artım var. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

Müasir ailələrin qlobal miqyasda yaranan tendensiyaların təsirinə məruz qalması və aşınması, əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir.

Burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstində araşdırmalar aparılmalıdır. Elm və texnikanın inkişaf etməsi, internet məkanın genişlənməsi kimi amillər insanların işini müəyyən qədər yüngülləşdirsə də, bunlar ailədaxili problemlərin yaranmasından yan keçmir. Sosial şəbəkələrə aludəlik fərdlər arasında anlaşılmazlığa gətirib çıxarır. İnsanlar bir çox hallarda vaxtlarının çox hissəsini internetdə keçirdikləri üçün bəzən ailədə söz-söhbətə səbəb olur, çünki ünsiyyət probleminin yaranması heç bir ailə üzvü tərəfindən birmənalı qarşılanmır. Həmçinin uşaqların düzgün tərbiyə olunmaması, bəzi ailələrdə onlara tərbiyəvi xüsusiyyətlərin aşılanmaması mənfi nəticələrin yaranmasına səbəb olur. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin sərhəd tanımadan insanların həyatına daxil olması faktı da ailə institutunun zəifləməsinə gətirib çıxarır. Əfsuslar olsun ki, ölkəmizdə bu kimi problemlərə rast gəlinir. Maarifləndirici tədbirlərin keçirilməsi bu kimi məsələlərin həlli yolunda mühüm addımlardandır. Həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də dövlət səviyyəli tədbirlərin keçirilməsi ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəslə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Cəmiyyətimizdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da hər şeydən əvvəl nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Hesab etmirəm ki, sosial şəbəkələr ailələrin dağılmasına o qədər də güclü təsir etsin. Yəni təməli güclü prinsiplər üzərində qurulan ailələrdə bu kimi səbəblər boşanmalara əsas vermir. Ailə üzvlərinə daha çox vaxt ayıran, diqqət göstərən, sosial şəbəkələrdə az vaxt keçirən insanlar belə problemlərlə qarşılaşmır.

“Uşaqların internet təhlükəsizliyi“ mövzusunda xüsusi layihə hazırlanır

Uşaqların internetdə qarşılaşacağı problemlərin aradan qaldırılması və qabaqlayıcı tədbirlər istiqamətində Komitə tərəfindən hansı layihələr həyata keçirilib və keçiriləcək?

Bəzi insanların işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etməsi vaxtlarının böyük hissəsini kompüter qarşısında keçirməsinə səbəb olur. Belə vəziyyət onların sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir. Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən düzgün istifadə olunmamağın nəticəsidir.

Bu istiqamətdə Komitə mütəmadi olaraq valideynlərin maarifləndirilməsi və onlar tərəfindən bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə müzakirələr təşkil etmiş, bukletlər çap olunaraq paylanmış, sosial çarxlar hazırlanaraq nümayişi təmin edilmişdir. Həmçinin bu sahədə beynəlxalq təcrübə ətraflı öyrənilmiş və problemin həlli yolları araşdırılmışdır. Uşaqların internetdən kortəbii istifadəsinin qarşısının alınması üçün ilk növbədə internet klubların fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların, təlimatların hazırlanması vacibdir. Qeyd etmək istərdim ki, 2012-ci ilin oktyabr ayından etibarən Bakı şəhərinin Xəzər, Binəqədi, Sabunçu rayonlarında, Masallı, Qusar və Sabirabad rayonlarında ümumilikdə 23 təhsil müəssisəsində, 11 internet klubda uşaqların təhsildən yayınması hallarının qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirilmişdir. Əlbəttə, uşaqların zehni inkişafı, təhsili və asudə vaxtlarının effektiv keçirilməsində informasiya texnologiyalarında gözəl imkanlar var. Lakin bu müsbət tərəflərlə yanaşı, İKT-nin zərərli təsirləri mövcuddur ki, uşaqların şəxsiyyətinin düzgün formalaşmasına mənfi təsir göstərir. Buna görə də uşaq siyasətinin formalaşmasında elektron təhlükəsizliyin təmin edilməsi vacibdir. Bununla bağlı olaraq, Komitə “Uşaqların internet təhlükəsizliyi“ mövzusunda xüsusi layihə hazırlayır. Bu layihə özündə İKT-nin zərərli təsirlərindən uşaqları mümkün qədər güclü mühafizə etməsini və internetdən düzgün istifadənin təmin olunmasını ehtiva edir.

“Yaxın zamanlarda biz belə bir televiziyanın yaradılmasının şahidi olacağıq”

Bu gün ailələrdə böyüyən uşaqların əksəriyyəti ya türk, ya rus, ya da ingilis dilində fikirlərini ifadə edir. Bu da uşaqların həmin dillərdə olan animasiya filmlərinə baxması ilə əlaqədardır. Bu baxımdan ölkədə uşaq televiziyasının yaradılmasını və milli animasiya filmlərinin çəkilməsini vacib hesab edirsinizmi və bu istiqamətdə hansı işlər görülməlidir?

Ümumiyyətlə, milli cizgi filmlərinin çəkilməsi uşaqların inkişafı, düzgün mədəniyyəti mənimsəməsi, nitq qabiliyyətinin inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Uşaqlar cizgi filmləri ilə böyüyürlər, elə olur ki, hansısa qəhrəmanı özünküləşdirirlər, onun kimi davranmağa başlayırlar. Bu baxımdan milli dəyərlərimizi, adət-ənənələrimizi cizgi filmləri vasitəsilə aşılamaq imkanları daha geniş olardı. Uşaq televiziyasının yaradılması prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da öz əksini tapıb. Həmin sənəddə uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması xüsusi maddə ilə müəyyən edilmişdir. Bu, çox aktual məsələdir, lakin belə televiziyanı yaratmaq o qədər də asan deyil, burada spesifik yanaşma tələb olunur. Düşünürəm ki, yaxın zamanlarda biz belə bir televiziyanın yaradılmasının şahidi olacağıq.

“Həm dövlət orqanının rəhbəri kimi, həm də bir fərdi vətəndaş olaraq mənə məxsus elektron ünvanım mövcuddur”

Hicran xanım, siz özünüz internetdən hansı səviyyədə istifadə edirsiniz?

Bəli, internetin imkanları geniş olduğu üçün hər bir şəxs cüzi də olsa istifadə edir. Mən də bir vətəndaş, bir dövlət qurumunun rəhbəri kimi informasiya texnologiyalarından, internet resurslardan istifadə edirəm. İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində olan insanlarla ünsiyyət qururam, məktublaşıram, onlayn rejimlərdə keçirilən müxtəlif forumlarda da iştirak edirəm. İşə başlayan kimi birinci növbədə ölkədə və ölkə xaricində baş verən informasiyaları nəzərdən keçirirəm. İstər internet saytlarında, istər qəzetlərdə, istərsə də teleradio proqramları vasitəsilə hər şeydən xəbərdar oluram. Çünki internetin məlumat bazası çox genişdir və hər saniyə yeni xəbərlərlə zənginləşir. Həm dövlət orqanının rəhbəri kimi, həm də bir fərdi vətəndaş olaraq mənə məxsus elektron ünvanım mövcuddur. Elektron poçt imkan yaradır ki, vətəndaşlar onlayn şəkildə operativ olaraq müraciət etsinlər, o cümlədən müəyyən təşkilatlarla informasiya mübadiləsi aparmaq da mümkündür.

Seymur Qasımbəyli