Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində növbəti tədbir keçirilmişdir.

23 сентября 2015

Поделиться:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində mütəmadi olaraq tədbirlər keçirir.

 

        Tədbirlər çərçivəsində tərbiyə müəssisəsində islah olunan uşaqların cəmiyyətə inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili, bədii qiraətə, idmana marağın, dünyagörüşlərinin və intellektlərinin artırılması, fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılması, valideynləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır.

Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində olan uşaqlara öz hüquq və vəzifələri ilə bağlı mütəmadi biliklərin öyrədilməsi, onların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan uşaqların müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.

Bu istiqamətdə növbəti tədbir olaraq 23 sentyabr 2015-ci il tarixində, saat 11:00-da      Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində islah olunan uşaqların peşakar stolüstü tenisçilərlə yoldaşlıq görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan tərbiyə müəssisəsinin rəisi Araz Rzayev tədbir barədə uşaqlara və tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova islah olunan uşaqların cəmiyyətə inteqrasiyası, onların layiqli bir vətəndaş kimi formalaşması istiqamətində ölkəmizdə aparılan işlərdən söz açaraq uşaqlara öz tövsiyələrini vermiş, onlara gələcək həyatında uğurlar arzulamışdır. Tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi Səbuhi Mehdizadə ölkəmizdə idmanın bu növünə olan maraqdan, uğurlardan, həmçinin idmanın uşaqların həyat tərzində oynadığı roldan danışmışdır. Tədbirin rəsmi hissəsindən sonra uşaqlar arasında stolüstü tennis yarışması keçirilmişdir.

Yoldaşlıq görüşündə fərqlənən uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılmış və Azərbaycan Stolüstü Tennis Federasiyası isə Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində uşaqların mütəmadi olaraq stolüstü tennislə məşğul olmaları üçün lazımı avadanlıqlar hədiyyə etmişdir.