15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçiriləcək

11 May 2017

Share:

Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini də ailə siyasəti təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində mütəmadi olaraq, müxtəlif tədbirlər icra edilir. Bu istiqamətdə 2008-ci ildən etibarən hər il may ayında Komitə tərəfindən “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibətilə tədbirlər həyata keçirilir.

Dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində aparılan işlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş  “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfransın keçirilməsi nəzərdə tutulur. Konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.

Konfransda 4 əsas panel – “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr”,  “Ailənin funksiyaları: iqtisadi faktorlar”,  “Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri”, “İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” mövzuları üzrə çıxışların ediləcəyi nəzərdə tutulur.

15 May 2017-ci il tarixində, saat 10:00-da Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək konfransda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcək.

Tədbirdə müzakirə ediləcək məsələlərin əhəmiyyətini nəzərə alaraq, konfransın işıqlandırılmasında KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.