15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans yekunlaşdı

15 May 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində 2008-ci ildən etibarən hər il may ayında “Beynəlxalq Ailə günü” münasibətilə keçirilən tədbirlərin davamı olaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 15 may 2017-ci il tarixində “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçirilib.

Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi, eləcə də ailə dəyərlərimizin təbliği məqsədilə keçirilən konfrans çərçivəsində “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr”, “Ailənin funksiyaları: iqtisadi faktorlar”, “Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri”, “İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” adlı 4 panel üzrə çıxışlar edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Sumqayıt şəhərində yaşayan müxtəlif millətləri təmsil edən ailələrin həyat tərzini və milli adət-ənənələrini əks etdirən, eləcə də ailələrin əl işlərindən ibarət sərgi ilə davam edən konfransın rəsmi hissəsi dövlət ailə siyasətini əks etdirən filmin nümayişi ilə başlayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək konfransın mövzusunun aktuallığını qeyd edib və hər kəsi həmrəylik və dostluq şəhəri olan Sumqayıtda görməkdən xoş olduğunu bildirib. Eyni zamanda bütün Azərbaycan ailələrini “Beynəlxalq Ailə günü” münasibətilə təbrik edərək, uğurlar arzulayıb. O çıxışında qeyd edib ki, Azərbaycan ailəsi milli dəyərlərə önəm verir, hər bir valideyn çalışır ki, uşaqları milli ruhda böyüsün, düzgün tərbiyə alsın, mövcud olan ənənələrimizi qoruyub saxlayaraq, gələcəyə ötürsün. Zakir Fərəcov onu da deyib ki, bəzi mənfi təsirlər ailə dəyərlərindən də yan keçmir, bu da boşanmalara gətirib çıxarır. Təsadüfi evliliyin, tez başa gələn nikahların bəzən boşanmalarla nəticələndiyini bildirən icra başçısı diqqətə çatdırıb ki, təməli möhkəm qurulan ailələr buna yol verməməlidir. O, nümunəvi ailə kimi Ulu Öndərin Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyat yolunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirilən konfransın müasir dövrdə ailələrin vəziyyətini, dövlət siyasətini, əldə olunan uğurları və gələcək perspektivləri müzakirə etmək məqsədilə təşkil olunduğunu qeyd edərək bildirib ki, 4 istiqamət üzrə aparılan diskussiyalar, fikir mübadiləsi, əldə olunan nəticələr, ümumilikdə Azərbaycan ailə institutunun daha da möhkəmləndirilməsinə müsbət təsir edəcəkdir. Hicran Hüseynova Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələrinin olduğunu, həmin ailə ənənələrinin sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malik olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında hər zaman qeyd edib və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətində ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. O, Respublikanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin rifahı üçün önəmli layihələrin həyata keçirildiyini də qeyd edib.

Komitə sədri ailə siyasəti istiqamətidə dövlətin güclü və təkmil qanunvericilik bazasının mövcud olduğunu, qəbul olunmuş dövlət proqramlarının ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən ən mühüm tədbirlərdən olduğunu bildirərək əlavə edib ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların bütün sahələrdə  hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilmişdir.

O, hazırda bu sahədə bir sıra problemlərin olduğunu da deyərək, qeyd edib ki, ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması və bu kimi digər problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır: “Digər vacib məsələ isə ailədaxili münasibətlərə informasiya texnologiyalarının təsiridir. Bir çox məlumat və biliklər məhz informasiya texnologiyaları müstəvisində əldə edilir ki, bunun da  həm pozitiv, həm də neqativ tərəfləri vardır. Əsasən də  gənc nəslin təfəkkürünə mənfi təsir göstərir  və onları bir sıra xoşagəlməz hərəkətlərə yönəldir. Lakin, biz ailələrimizi – bu, yad təsirlərdən qorumaqla yanaşı,  mütərəqqi  dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik”.

Hicran Hüseynova qeyd edib ki, ailədaxili münasibətlərin pozulması, ailə münaqişəsi zəminində baş verən cinayətlər göstərir ki, ailəni qurmaq nə qədər məsuliyyətlidirsə, onu qoruyub saxlamaq bir o qədər də çətindir. Komitə tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Onların əsas fəaliyyəti rayon ərazisində məişət zorakılığı hallarının baş vermə səbəblərinin öyrənilməsi, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsindən ibarətdir.

Komitə sədri diqqətə çatdırıb ki, qarşımızda dayanan məsələlərdən biri də  yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyətinin gücləndirilməsi, insanların problemini daha düzgün dərk etməsi üçün  davamlı layihələrin keçirilməsidir. Eyni zamanda, “Ailə psixoloqu” institutunun yaradılması, mövcud “məktəb psixoloqu”, “ağsaqqal – ağbirçək” institutlarının fəaliyyətinin gücləndirilməsi də bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir.

O, Komitə tərəfindən  mütəmadi olaraq, “Ailə bayramı”,  “Azərbaycan ailəsi”  film festivalınının keçirildiyini və bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verildiyini də diqqətə çatdırıb.

Daha sonra BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai önəmli məsələyə dair təşkil olunan konfransa və sərgiyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ailə cəmiyyətin fundamental hissəsidir və Azərbaycanda ailə dəyərləri çox yüksək qiymətləndirilir və mən hər zaman bunu müşahidə etmişəm. Azərbaycan Respublikasının Konstitusiyasında ailə məsələsi ayrıca müddəa kimi öz əksini tapmışdır və bir çox dövlət proqramlarında və sənədlərdə ailə münasibətlərinə geniş yer verilir. Lakin bəzi çətinliklərin ailələrin inkişafına kölgə saldığını bildirən Qulam İsakzai deyib ki, demoqrafik, mədəni, iqtisadi, sosial dəyişikliklər də ailələrə təsir göstərir. Çalışmalıyıq ki, insanların mövcud təhsil imkanlarına, səhiyyə və digər vacib xidmətlərə çıxışı təmin edilsin, biz də BMT İnkişaf Proqramı olaraq, Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti institutları və digər təşkilatlarla birgə fəaliyyətimizi hər zaman davam etdirəcəyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki, ailəni zəruri edən təbiətdir, ailəsi, ailə münasibətləri olmayan canlı orqanizm yoxdur. Ailədən kənar insanın mövcud olması mümkün deyil, hətta boşanma nəticəsində ailə dağılsa belə, yenə də hardasa, müxtəlif mühitdə onun ailəsi olacaq. Mübariz Qurbanlı bildirib ki, bütün dinlərin müqəddəs kitablarında ailə və onun qorunması məsələsi xüsusi yer tutur.

Milli Televiziya və Radio Şurası üzvü, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxış edərək, insanın ailəsinin olmasını onun üçün yaradılmış ən gözəl şans, bəşər cəmiyyətinin ən böyük neməti kimi dəyərləndirib. O, Azərbaycan ailəsinin 3 əsas inkişaf tərəfinin olduğunu vurğulayaraq bildirib ki, bunlar türkçülüyə və islami dəyərlərə söykənmə, həmçinin çağdaş dövrün imkanlarından bəhrələnərək, inkişafa təkan verməkdir. Sona Vəliyeva Azərbaycan ailəsinin eroziyaya uğraması məsələsinə də toxunaraq hamımızın bu məsələdə günahkar olduğunu qeyd edib və deyib ki, hər birimizdə dözümlülük, müdriklik, məsuliyyət hissi olmalıdır, övladlarımızı da bu istiqamətlərdə tərbiyə edib böyütməliyik..

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında qeyd edib ki, Azərbaycanın tarixi, ənənələri və dəyərləri olan ailə modeli vardır. Ailələrimizi qorumaq dövlətimizin əsas qayğılarından olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ailə dəyərləmizin daha da möhkəmlənməsi istiqamətində işlər davam etdirilir, ailə məsələləri dövlət siyasətinin prioritetlərindən birini təşkil edir.

Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri Kamran İmanov çıxış edərək, ailənin ən qədim ənənələrdən biri olduğunu və ənənələrin hər zaman keçmişin tərəqqisi olduğunu qeyd edib. O, ailəni cəmiyyətin nüvəsi və sosial-mənəvi institut adlandırıb. Ailənin müstəqil olaraq fəaliyyət göstərdiyini, böyük sosial cəmiyyətə daxil olduğunu bildirən Kamran İmanov deyib ki, cəmiyyətin maraqları da ailənin dayanıqlığının təmin edilməsinə istiqamətlənməlidir.

Konfrans çərçivəsində 3 gənc cütlüyün nikah mərasimi keçirilib və uzunömürlülüyü ilə seçilən Şükürovlar ailəsinin gənc ailələrə nəsihəti dinlənilib.

Daha sonra ailə məsələlərinin mətbuatda işıqlandırılmasına və Komitə ilə fəal əməkdaşlığına görə bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri, eyni zamanda bu il ali məktəbə qəbul zamanı 700 bal toplayan sumqayıtlı abituriyent Eldar Əfəndiyev də mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkilib.